UNESCO: 2030-cu ilədək dünyada daha 50 milyon müəllim lazım olacaq

22 Oktyabr, 2026 - 17:43
UNESCO: 2030-cu ilədək dünyada daha 50 milyon müəllim lazım olacaq

Dünyada təhsilin bütün uşaqlar üçün əlçatan olması məqsədilə 2030-cu ilədək daha 50 milyon müəllim işə cəlb edilməlidir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat UNESCO-nun hesabatında qeyd olunub.

Hesabatda müəllim çatışmazlığı, əməkhaqqı, iş yükü və peşənin cəmiyyətdəki nüfuzu araşdırılıb və bildirilib ki, hazırda dünyada 107 milyon müəllim çalışır.

Məlumata görə, 2030-cu ilədək tələb olunan yeni müəllimlərin 58 faizi peşədən ayrılanların yerini doldurmaq üçün lazım olacaq. Müəllimlərin peşəni tərk etmə göstəricisi məktəbəqədər təhsildə 7,2 faiz, orta təhsildə 5,4 faiz, ibtidai təhsildə isə 4,7 faizdir.

UNESCO-nun məlumatına əsasən, müəllimlərin peşəsinə cəmiyyətdə verilən dəyər onların işdə qalmaq qərarına da təsir edir. OECD-nin 2024-cü il sorğusunda iştirak edən ölkələrin 75 faizində müəllimlərin 40 faizindən azı peşələrinin cəmiyyətdə qiymətləndirildiyini bildirib. Peşəsinə dəyər verildiyini düşünən müəllimlərin növbəti beş il ərzində işdən ayrılmağı nəzərdən keçirmə ehtimalı 10 faizdən çox aşağı olub.

Hesabat müəllimlərin ağır iş yükünə də diqqət çəkir. Onlar həftədə orta hesabla 19 saat sinifdə dərs keçsələr də, ümumi iş vaxtı təxminən 60 saata çatır. Bu vaxta dərsə hazırlıq, şagird işlərinin yoxlanılması və inzibati tapşırıqlar da daxildir. İbtidai təhsildə hər ixtisaslı müəllimə orta hesabla 28 şagird düşür.

UNESCO hökumətlərə müəllimlərin qərarların hazırlanmasında iştirakını təmin etməyi, rəqabətədavamlı əməkhaqqı və karyera imkanları yaratmağı, iş yükünü azaltmağı və məktəblərdə təhlükəsiz iş mühitini gücləndirməyi tövsiyə edir.

Təşkilat həmçinin Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə müəllimlərin statusuna dair 1966-cı il tövsiyəsinin yenilənməsi üzərində işləyir. Bu prosesin 2027-ci ilin ortalarınadək davam etməsi nəzərdə tutulur.