İngiltərədə məktəblərdə şagirdlərin telefon saxlaması qadağa ediləcək
İngiltərədə məktəblərdə mobil telefonlardan istifadəyə qoyulan məhdudiyyətlər daha da sərtləşdirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2027-ci ilin sentyabrından etibarən şagirdlər dərs günü ərzində telefonlarından istifadə edə, cihazlarını çanta və ya ciblərində də saxlaya bilməyəcəklər.
Məktəblərin bütün dərs günü ərzində telefonsuz fəaliyyət göstərməsini nəzərdə tutan qanuni qüvvəyə malik təlimat iyun ayında qüvvəyə minib. Yeni dəyişikliklər isə bəzi məktəblərdə tətbiq olunan “görünməsin, eşidilməsin” (no see, no hear) qaydasını da aradan qaldıracaq. Həmin yanaşmaya əsasən, telefonlar istifadə edilmədiyi və səsi eşidilmədiyi halda şagirdlərin çantalarında qala bilirdi.
Yeni qaydalara əsasən, məktəblər telefon qadağasını tətbiq etmək üsulunu özləri müəyyənləşdirəcəklər. Bunun üçün xüsusi kilidli kisələrdən, təhlükəsiz saxlama dolablarından istifadə edilə, yaxud şagirdlərdən telefonlarını dərs gününün əvvəlində təhvil vermək tələb oluna bilər. Bəzi məktəblər isə telefonların əraziyə gətirilməsini tamamilə qadağan edir.
Məhdudiyyətlərin tətbiqi məktəblər üçün əlavə maliyyə xərcləri də yaradacaq. Məsələn, Mançesterdəki “Burnage Academy for Boys” məktəbi telefonlara çıxışın qarşısını almaq məqsədilə metal detektorlar və xüsusi kisələr sisteminin qurulmasına 20 min funt sterlinq xərcləyib.
Məktəb Rəhbərlərinin Həmkarlar İttifaqı (NAHT) və Məktəb və Kollec Rəhbərləri Assosiasiyası yeni qaydaların tətbiqini dəstəkləsə də, əlavə maliyyə vəsaitinin ayrılmasının vacibliyini vurğulayıblar. Onların fikrincə, hər bir şagird üçün təhlükəsiz telefon saxlama vasitələrinin təmin edilməsi məktəblər üçün ciddi xərc tələb edəcək.
Qeyd edək ki, Birləşmiş Krallığın digər ərazilərində məktəblərdə telefonlarla bağlı yanaşma fərqlidir. Şotlandiyada şəxsi telefonlardan istifadənin məhdudlaşdırılması üçün qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Uelsdə ümummilli qadağa təklifi qəbul edilməsə də, məktəblərdə mobil telefon siyasətinin müəyyənləşdirilməsi ilə bağlı ictimai müzakirələr aparılır. Şimali İrlandiyada isə telefonların məktəblərdə qanunla qadağan edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Məktəblərdə telefon qadağası Birləşmiş Krallıqda 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişinin məhdudlaşdırılması təşəbbüsündən ayrıdır. Mart ayında qüvvəyə minməsi nəzərdə tutulan ayrıca qadağanın "Instagram", "Snapchat" və "TikTok" kimi platformaları əhatə edəcəyi gözlənilir.




