Diplomdan real nəticəyə: ABŞ ali təhsildə akkreditasiya sistemini yeniləyir
ABŞ ali təhsil sistemində mühüm institusional dəyişikliklərə yol açan yeni akkreditasiya qaydaları rəsmiləşdirilib.
ABŞ Təhsil Departamenti 30 oktyabr 2026-cı ildə ali təhsil müəssisələrinin və akkreditasiya qurumlarının fəaliyyətini tənzimləyən yeni yekun qaydanı – Accreditation, Innovation, and Modernization (AIM) sənədini dərc edib. 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək yeni qaydalar ali təhsildə keyfiyyət təminatı sisteminin yenilənməsini, akkreditasiya qurumları arasında rəqabətin artırılmasını, tələbələrin təhsil nəticələrinin daha obyektiv qiymətləndirilməsini və universitetlərin inzibati yükünün azaldılmasını hədəfləyir.
Bu dəyişikliklər sadəcə akkreditasiya prosedurlarının sadələşdirilməsi deyil. Əslində, ABŞ ali təhsilində keyfiyyət anlayışının hansı meyarlarla müəyyənləşdirilməsi, universitetlərin ictimai və iqtisadi məsuliyyətinin necə qiymətləndirilməsi, tələbələrin əldə etdiyi təhsil nəticələrinin akkreditasiya qərarlarında hansı rol oynaması məsələlərinə yenidən baxılır.
Akkreditasiya: universitetin nüfuzundan daha artıq məna daşıyan mexanizm
Akkreditasiya ali təhsil müəssisələrinin və onların təhsil proqramlarının müəyyən edilmiş keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirən əsas mexanizmlərdən biridir. ABŞ-də bu sistem yalnız dövlət orqanlarının apardığı inzibati yoxlamaya əsaslanmır. Akkreditasiya əsasən dövlət tərəfindən tanınan, lakin müstəqil fəaliyyət göstərən qeyri-hökumət qurumları tərəfindən həyata keçirilir.
Belə qurumlar universitetlərin fəaliyyətini bir sıra meyarlar əsasında qiymətləndirirlər. Tədrisin məzmunu, professor-müəllim heyətinin peşəkar hazırlığı, elmi və maddi-texniki infrastruktur, tələbələrə göstərilən xidmətlər, akademik idarəetmə və təlim nəticələri bu qiymətləndirmənin əsas istiqamətləridir. Akkreditasiyanın ABŞ-da xüsusi əhəmiyyət daşımasının səbəblərindən biri onun federal tələbə maliyyələşdirmə sistemi ilə birbaşa əlaqəsidir. Federal tələbə yardımı proqramlarında iştirak etmək istəyən ali təhsil müəssisələri müvafiq akkreditasiya və tanınma tələblərinə cavab verməlidirlər. Beləliklə, akkreditasiya universitetin akademik nüfuzunu müəyyənləşdirməklə yanaşı, tələbələrin dövlət tərəfindən maliyyələşdirilən təhsil dəstəyi imkanlarına çıxışında da mühüm rol oynayır.
ABŞ Təhsil Departamentinin məlumatına görə, federal tələbə yardımı proqramları vasitəsilə hər il 100 milyard dollardan artıq Pell qrantı və federal tələbə krediti təqdim olunur. Bu baxımdan akkreditasiya qurumları yalnız təhsilin keyfiyyətinə nəzarət etmir, həm də böyük həcmdə dövlət vəsaitinin səmərəli istifadəsinə təsir göstərirlər.
İslahatın əsas məqsədi: akkreditasiyada yeni rəqabət mühiti yaratmaq
Yeni qaydaların başlıca istiqamətlərindən biri akkreditasiya bazarında rəqabətin genişləndirilməsidir. ABŞ Təhsil Departamenti hesab edir ki, uzun müddət məhdud sayda akkreditasiya qurumunun üstün mövqeyə malik olması ali təhsil müəssisələrinin seçim imkanlarını məhdudlaşdırıb. Bu vəziyyət bəzi hallarda akkreditasiya prosedurlarının bahalaşmasına, inzibati tələblərin artmasına və universitetlərin alternativ keyfiyyət təminatı mexanizmlərinə keçidinin çətinləşməsinə səbəb olub.
Yeni qaydalar bu maneələri azaltmaq və yeni akkreditasiya qurumlarının fəaliyyətə başlamasını asanlaşdırmaq məqsədi daşıyır. Əvvəlki sistemdə akkreditasiya qurumunun ilkin tanınması üçün tətbiq olunan bəzi məhdudiyyətlər, o cümlədən ikiillik fəaliyyət tələbi aradan qaldırılır. Eyni zamanda, universitetlərin bir akkreditasiya qurumundan digərinə keçməsi və birdən çox akkreditasiya qurumu ilə əməkdaşlıq etməsi üçün prosedurlar sadələşdirilir.
Bu yanaşmanın arxasında mühüm idarəetmə prinsipi dayanır: akkreditasiya qurumları öz nüfuzlarını yalnız formal səlahiyyətlərinə görə deyil, göstərdikləri xidmətin keyfiyyətinə, qiymətləndirmənin obyektivliyinə və universitetlərin inkişafına verdikləri töhfəyə görə qazanmalıdırlar.
Başqa sözlə, universitetlər üçün akkreditasiya qurumunu seçmək imkanları genişlənməli, akkreditasiya qurumları isə etibarlı qiymətləndirmə və keyfiyyətli xidmət göstərmək baxımından rəqabət aparmalıdırlar.
Təhsil keyfiyyəti necə ölçüləcək? Əsas meyar tələbənin nəticəsidir
İslahatın ən mühüm yeniliklərindən biri akkreditasiya prosesində tələbələrin real təhsil nailiyyətlərinə daha çox diqqət yetirilməsidir. Əvvəlki qiymətləndirmə təcrübəsində universitetin institusional imkanları, tədris infrastrukturu, professor-müəllim heyəti, daxili keyfiyyət təminatı mexanizmləri və digər struktur göstəricilər mühüm yer tuturdu. Yeni qaydalar bu meyarları aradan qaldırmır, lakin onlarla yanaşı, tələbələrin təhsil müddətində və məzun olduqdan sonra əldə etdikləri nəticələrin daha sistemli qiymətləndirilməsini nəzərdə tutur.
Yeni yanaşmaya əsasən, akkreditasiya qurumları aşağıdakı göstəriciləri nəzərə almalıdırlar:
• Tələbələrin fənlər və təhsil proqramları üzrə tamamlama göstəriciləri;
• Universiteti bitirmə və məzunolma səviyyəsi;
• Peşə və ixtisas üzrə lisenziya və sertifikasiya imtahanlarının nəticələri;
• Məzunların məşğulluq və növbəti təhsil pilləsində iştirak göstəriciləri;
• Təhsil proqramlarının iqtisadi səmərəliliyi;
• Təhsil haqqı və digər xərclərlə müqayisədə əldə olunan nəticələr.
Burada xüsusilə diqqətçəkən məqam təhsil proqramlarının iqtisadi səmərəliliyinin qiymətləndirilməsidir. Məsələn, müəyyən ixtisas üzrə təhsil almaq tələbəyə neçəyə başa gəlir? Proqramın müddəti nə qədərdir? Məzun həmin ixtisas üzrə əmək bazarında hansı imkanlar əldə edir? Təhsilə çəkilən xərclə gələcək peşəkar imkanlar arasında hansı uyğunluq mövcuddur?
Bu suallar artıq akkreditasiya qiymətləndirməsinin mühüm istiqamətlərindən birinə çevrilir. Məqsəd universitetləri yalnız diplom verən müəssisələr kimi deyil, tələbənin gələcək həyatına, peşəkar inkişafına və cəmiyyətin intellektual potensialına real töhfə verən təhsil qurumları kimi qiymətləndirməkdir.
Bununla belə, yeni qaydalar bütün universitetlər üçün vahid əməkhaqqı və ya məşğulluq həddi müəyyənləşdirmir. Akkreditasiya qurumları müvafiq göstəricilər üzrə minimum gözləntiləri formalaşdırarkən proqramların xüsusiyyətlərini və təhsil xərclərini nəzərə almalıdırlar. Çünki mühəndislik, tibb, humanitar elmlər, pedaqogika və incəsənət proqramlarının nəticələrini eyni ölçü vahidi ilə qiymətləndirmək düzgün olmazdı.
Universitetlərarası keçid və kreditlərin tanınması asanlaşacaq
Yeni qaydaların tələbələr üçün ən praktik nəticələrindən biri kreditlərin köçürülməsi və tanınması ilə bağlıdır. ABŞ-də tələbənin bir universitetdən digərinə keçməsi zamanı əvvəlki təhsil müəssisəsində topladığı kreditlərin tanınması həmişə asan olmayıb. Bəzən tələbə eyni və ya məzmun baxımından oxşar fənləri yenidən öyrənməli, nəticədə əlavə vaxt və maliyyə vəsaiti sərf etməli olurdu.
Yeni tənzimləmə bu problemin azaldılmasına yönəlib. Qaydaya əsasən, akkreditasiya qurumları üzvü olan universitetlərdən kreditlərin tanınması ilə bağlı daha şəffaf siyasət yürütməyi tələb etməlidirlər. Dövlət tərəfindən tanınan akkreditasiya qurumunun akkreditasiyasına malik başqa bir ali təhsil müəssisəsində uğurla tamamlanmış, məzmun və təlim nəticələri baxımından uyğun bakalavriat kurslarının kreditləri əsaslandırılmış istisnalar xaricində qəbul edilməlidir.
Universitet kreditləri tanımaqdan imtina edərsə, qərarını tələbəyə yazılı şəkildə əsaslandırmalıdır.
Bu mexanizm tələbələrin eyni fənləri əsassız olaraq təkrar öyrənməsinin, əlavə təhsil xərclərinin və vaxt itkisinin qarşısını almağa xidmət edir. Eyni zamanda, tələbələrin universitetlərarası akademik mobillik imkanlarını genişləndirir.
Digər tərəfdən, akkreditasiya statusu və kreditlərin tanınması ilə bağlı məlumatların tələbələr üçün daha əlçatan olması nəzərdə tutulur. Beləliklə, tələbə universitet seçərkən və ya təhsilini başqa müəssisədə davam etdirmək qərarı verərkən əvvəlki təhsil nəticələrinin tanınması imkanları barədə daha dolğun məlumat əldə edə biləcək.
Akademik azadlıq və intellektual müxtəliflik:
Yeni akkreditasiya qaydalarının ən çox müzakirə doğuran tərəflərindən biri akademik azadlıq və intellektual müxtəlifliklə bağlı müddəalardır. ABŞ administrasiyası hesab edir ki, universitetlərdə akademik mühit müxtəlif elmi baxışların, sərbəst müzakirələrin və intellektual rəqabətin inkişafına imkan yaratmalıdır. Yeni qaydalar akkreditasiya qurumlarının universitetlərdə akademik azadlıq, intellektual müxtəliflik və elmi tədqiqatın müstəqilliyi ilə bağlı siyasət və təcrübəni nəzərdən keçirməsini nəzərdə tutur.
Bununla yanaşı, yeni tənzimləmə akkreditasiya qurumlarının qanunvericiliyə zidd ayrı-seçkilik tələbləri tətbiq etməsini qadağan edir. Xüsusilə müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramları ilə bağlı tələblərin federal və ştat qanunvericiliyinə uyğunluğu ön plana çəkilir.
Bu yanaşma ABŞ-da siyasi və akademik müzakirələrin mərkəzinə çevrilib. İslahat tərəfdarları hesab edirlər ki, universitetlərdə ideoloji təzyiqlərin qarşısının alınması, fərqli fikirlərin sərbəst ifadəsi və elmi müstəqilliyin qorunması ali təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.
Tənqidçilər isə xəbərdarlıq edirlər ki, akademik azadlıq və intellektual müxtəliflik kimi anlayışların federal səviyyədə akkreditasiya meyarlarına daxil edilməsi dövlətin universitetlərin daxili akademik siyasətinə təsir imkanlarını genişləndirə bilər.
Ali Təhsil Akkreditasiyası Şurasının (CHEA) prezidenti Nasser H. Paydar da yeni qaydalarla bağlı narahatlıqların qaldığını bildirib. Şuranın mövqeyinə görə, tənzimləmənin akademik azadlığa, universitetlərin müstəqilliyinə, əlavə inzibati xərclərə və akkreditasiya sisteminin fəaliyyətinə mümkün təsirləri ciddi müzakirə tələb edir. Beləliklə, islahatın əsas mübahisəsi yalnız universitetlərin necə qiymətləndirilməsi ilə məhdudlaşmır. Eyni zamanda, bu prosesdə dövlətin, akkreditasiya qurumlarının və akademik ictimaiyyətin səlahiyyət sərhədlərinin necə müəyyənləşdirilməsi məsələsi də aktuallaşır.
İnzibati yük azalacaq, yoxsa yeni hesabatlılıq tələbləri yaranacaq?
ABŞ Təhsil Departamentinin yeni qaydalarla bağlı əsas vədlərindən biri universitetlərin akkreditasiya prosesinə sərf etdiyi vaxtın və maliyyə vəsaitinin azaldılmasıdır. Bu məqsədlə əvvəlki prosedurların bir qismi aradan qaldırılır və ya sadələşdirilir.
Akkreditasiya qurumlarına universitetlərin fəaliyyət xüsusiyyətlərini nəzərə almaq, keyfiyyətin qiymətləndirilməsində daha çevik üsullardan istifadə etmək imkanı verilir. Həddindən artıq detallı sənədləşmə və təkrarlanan hesabatlılıq tələblərinin azaldılması da islahatın istiqamətlərindəndir. Digər tərəfdən, universitetlərin tələbə nailiyyətləri, məzunların məşğulluğu, təhsil proqramlarının iqtisadi səmərəliliyi və digər göstəricilər üzrə məlumatları daha sistemli təqdim etməsi tələb olunacaq.
Burada müəyyən ziddiyyət diqqəti cəlb edir: bir tərəfdən sənədləşmə və inzibati yük azaldılır, digər tərəfdən isə nəticələrin ölçülməsi və hesabatlılıq gücləndirilir. Əslində, bu, idarəetmə fəlsəfəsinin dəyişməsidir. Universitetdən daha çox sənəd hazırlamaq deyil, təhsil fəaliyyətinin nəticələrini əsaslandırmaq tələb olunur. Bununla belə, yeni məlumatların toplanması, təhlili və hesabatlandırılması ali təhsil müəssisələri üçün müəyyən əlavə xərclər yarada bilər. Federal hökumətin rəsmi tənzimləmə sənədində də yeni qaydaların universitetlər və akkreditasiya qurumları üçün əlavə maliyyə yükü doğura biləcəyi qeyd edilir.
Yeni sistemin riskləri və gözlənilən nəticələri
İslahatın müsbət tərəfləri ilə yanaşı, müəyyən riskləri də mövcuddur. Birinci risk universitetlərin fəaliyyətinin həddindən artıq iqtisadi göstəricilərlə ölçülməsidir. Məzunların əməkhaqqı və məşğulluq səviyyəsi mühüm göstəricilər olsa da, ali təhsilin bütün missiyasını əhatə etmir. Fundamental elmlər, humanitar sahələr, incəsənət və pedaqoji istiqamətlər üzrə təhsilin ictimai və mədəni dəyərini yalnız məzunların gəlirləri ilə qiymətləndirmək mümkün deyil.
İkinci risk akkreditasiya qurumlarının sayının artmasının avtomatik olaraq keyfiyyətin yüksəlməsinə gətirib çıxarmamasıdır. Rəqabət sağlam keyfiyyət mühiti yarada bilər, lakin nəzarət mexanizmləri kifayət qədər güclü olmadıqda akkreditasiya standartlarının zəifləməsi təhlükəsi də yaranır.
Üçüncü məsələ siyasi təsir və akademik müstəqilliklə bağlıdır. Universitetlərin elmi və tədris siyasətinə dövlət müdaxiləsinin artması ehtimalı akademik ictimaiyyətin narahatlıq doğuran məsələlərindən biri olaraq qalır. Bu səbəbdən islahatın real uğuru yalnız elan edilmiş məqsədlərin həyata keçirilməsindən deyil, keyfiyyət, şəffaflıq, akademik müstəqillik və tələbə maraqları arasında düzgün tarazlığın yaradılmasından asılı olacaq.
Yenilikdən hansı nəticələri çıxarmaq olar?
ABŞ-da akkreditasiya sisteminin yenilənməsi bir sıra ölkələr üçün də maraqlı müqayisə və təhlil imkanları yaradır. Son illərdə akkreditasiya, təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma və universitetlərin institusional inkişafı məsələlərinə diqqət artırılıb. Lakin beynəlxalq təcrübə göstərir ki, keyfiyyət təminatı yalnız universitetin mövcud resurslarının və daxili prosedurlarının yoxlanılması ilə məhdudlaşmamalıdır. Əsas diqqət bu resursların hansı təhsil nəticələrini yaratmasına yönəldilməlidir.
ABŞ təcrübəsindən çıxarıla biləcək bir neçə mühüm nəticə var.
Birincisi, akkreditasiya təhsil nəticələrinə əsaslanmalıdır. Universitetin hansı ixtisasları açması və nə qədər tələbə qəbul etməsi ilə yanaşı, məzunların hansı bilik və bacarıqlara yiyələnməsi, onların əmək bazarında nə dərəcədə rəqabətqabiliyyətli olması da qiymətləndirilməlidir.
İkincisi, məlumatlara əsaslanan idarəetmə gücləndirilməlidir. Tələbələrin təhsili yarımçıq qoyma göstəriciləri, məzunların məşğulluğu, ixtisaslar üzrə əmək bazarının tələbləri və təhsil xərclərinin səmərəliliyi sistemli şəkildə araşdırılmalıdır. Bu məlumatlar universitetlərin strateji qərarlarının qəbulunda əsas vasitələrdən birinə çevrilməlidir.
Üçüncüsü, kreditlərin və təhsil nəticələrinin tanınması daha çevik olmalıdır. Universitetlərarası akademik mobillik, əvvəlki təhsil nəticələrinin tanınması və tələbələrin təhsil trayektoriyasını dəyişmək imkanları genişləndirilməlidir. Bu, həm tələbələrin vaxt və maliyyə itkisinin azalmasına, həm də ali təhsil sistemində çevikliyin artmasına xidmət edə bilər.
Dördüncüsü, keyfiyyət təminatı formal hesabatlılıqdan real inkişaf mexanizminə çevrilməlidir. Akkreditasiyanın məqsədi yalnız çatışmazlıqları müəyyən etmək deyil, universitetlərə həmin çatışmazlıqları aradan qaldırmaq, tədrisin keyfiyyətini yüksəltmək və institusional inkişaf strategiyasını təkmilləşdirmək üçün istiqamət vermək olmalıdır.
Beşincisi, universitetlərin missiyası və ixtisaslaşması nəzərə alınmalıdır. Elmi-tədqiqat universiteti, regional universitet, texniki ali məktəb və pedaqoji universitet eyni fəaliyyət modeli ilə qiymətləndirilməməlidir. Keyfiyyət meyarları ümumi prinsipləri qorumaqla yanaşı, hər bir ali təhsil müəssisəsinin missiyasına və fəaliyyət istiqamətinə uyğunlaşdırılmalıdır.
Akkreditasiya universitetin hesabatı deyil, onun inkişaf göstəricisidir
ABŞ-da yeni akkreditasiya qaydalarının tətbiqi ali təhsilin idarə edilməsində mühüm bir yanaşmanı ön plana çıxarır: universitetin keyfiyyəti yalnız onun malik olduğu infrastruktur, professor-müəllim heyəti və tədris proqramları ilə deyil, bütün bunların tələbə və cəmiyyət üçün yaratdığı nəticələrlə ölçülməlidir.
Bu yanaşma ali təhsilin gələcəyinə dair daha geniş bir sualı gündəmə gətirir: universitetin uğurunu onun verdiyi diplomların sayı müəyyənləşdirir, yoxsa həmin diplomların arxasında dayanan real bilik, bacarıq, elmi potensial və peşəkar imkanlar?
Müasir ali təhsil sistemində bu iki göstəricini bir-birindən ayırmaq mümkün deyil. Diplom təhsilin nəticəsini təsdiqləməli, təhsil isə insanın inkişafına, elmin tərəqqisinə və cəmiyyətin iqtisadi potensialına xidmət etməlidir.
ABŞ-nin yeni akkreditasiya modeli də məhz bu əlaqəni yenidən qurmağa iddialıdır. Lakin onun uzunmüddətli uğuru keyfiyyətin ölçülməsi ilə akademik azadlığın qorunması, rəqabətlə etibarlılığın təmin edilməsi, iqtisadi səmərəliliklə ali təhsilin ictimai missiyası arasında düzgün tarazlığın yaradılmasından asılı olacaq. ABŞ Təhsil katibinin müavini Nikolas Kent islahatın məqsədini belə ifadə edib: “Bu islahatlar akkreditasiyanı ən vacib olan şeylərə – tələbələrin nailiyyətlərinə, təhsil dəyərinə və akademik mükəmməlliyə yönəldəcək. Son qayda daha rəqabətli və şəffaf akkreditasiya sistemi yaradır və eyni zamanda müəssisələrin Amerika tələbələri və ailələri üçün mənalı nəticələr əldə etmək məsuliyyətini təmin edir”.
Beləliklə, dünya ali təhsilində yeni mərhələnin əsas sualı artıq təkcə “Universitet akkreditasiyadan keçibmi?” deyil, həm də “Bu universitet tələbəyə, elmə və cəmiyyətə hansı real dəyəri qazandırır?” sualıdır.




