Yunanıstanda yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi qadağan edilib
Yunanıstan parlamenti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib. Qadağa 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyət “Facebook”, “Instagram”, “TikTok” və “LinkedIn” kimi platformalara şamil olunacaq. Hazırda mövcud olan hesabların da yenidən yaş yoxlamasından keçməsi tələb ediləcək.
Qanuna əsasən, istifadəçilərin yaşını yoxlamaq platformaların öhdəliyində olacaq. Yunanıstanın rəqəmsal idarəetmə naziri Dimitris Papastergiu bildirib ki, dövlətin dəstəklədiyi “Kids Wallet” tətbiqi istifadəçinin 15 yaşına çatıb-çatmadığını təsdiqləyə bilir. Onun sözlərinə görə, tətbiq doğum tarixini platformalara ötürmür, istifadəçilərin baxdıqları səhifələri və yazışmalarını izləmir.
Təqdim olunan məlumatlara görə, Yunanıstanda orta məktəb şagirdlərinin yarıdan çoxu sosial şəbəkələrdən istifadəyə 10-12 yaşlarında başlayıb.




