Müəllim sosial şəbəkədə nəyi paylaşa bilər, nəyi yox? – Dünya təcrübəsi
Müəllimlərin sosial şəbəkələrdə paylaşdıqları hər hansı şəkil, video və ya fikir hansı hallarda peşə etikası qaydalarının pozulması hesab olunur? Onların şəxsi hesablarına kim nəzarət edir və qaydalar pozulduqda hansı tədbirlər görülür?
Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, müəllimlərin sosial şəbəkələrdən istifadəsinə dair vahid yanaşma yoxdur. Bəzi ölkələrdə bu sahə təhsil qurumlarının daxili qaydaları ilə tənzimlənir, digərlərində isə dövlət qulluqçuları üçün müəyyən edilmiş ümumi davranış və peşə etikası standartları əsas götürülür. Bununla belə, ölkələrin əksəriyyətində şagirdlərin şəxsi məlumatlarının qorunması və müəllim-şagird münasibətlərində peşəkar sərhədlərin saxlanılması əsas tələblər sırasındadır.
Şagirdin şəklini paylaşmağa valideyn icazəsi də kifayət etmir
Avstraliyanın Yeni Cənubi Uels Təhsil Departamenti müəllimlərin sosial mediadan istifadəsinə dair konkret qaydalar müəyyən edib. Departamentin "Sosial media prosedurları" (Social media procedures) sənədinə əsasən, müəllimlər şəxsi hesablarında şagirdlərin şəkillərini, videolarını və ya səs yazılarını paylaşa bilməzlər. Buraya hətta valideynlərin icazə verdiyi paylaşımlar da daxildir. Bu ölkədə valideynlərin icazəsi olsa belə, müəllim şagirdinin şəklini paylaşmamalıdır.
Müəllimlərə şagirdlərlə şəxsi sosial media hesabları üzərindən əlaqə saxlamaq da tövsiyə olunmur. Ünsiyyət üçün “Microsoft Teams” və “Google Classroom” kimi təhsil departamentinin müəyyən etdiyi platformalardan istifadə edilməlidir. Bu platformalarda yazışmaların qeydə alınması və məktəb rəhbərliyinin onlara baxa bilməsi nəzərdə tutulur.
Maraqlı məqamlardan biri də odur ki, təlimatda müəllimlərin şagirdlərin açıq “Instagram” paylaşımlarını bəyənməsi belə uyğun olmayan davranış nümunəsi kimi göstərilir.
Müəllim sosial şəbəkə paylaşımına görə işdən də çıxarıla bilər
Fransada müəllimlərin sosial şəbəkələrdə davranışını ayrıca tənzimləyən xüsusi qanun yoxdur. Onlara digər dövlət qulluqçuları kimi ümumi davranış qaydaları tətbiq edilir.
Dövlət Qulluğunun Ümumi Məcəlləsinin (Code général de la fonction publique) L121-7 maddəsi müəllimlərdən xidməti fəaliyyətləri ilə bağlı məxfi məlumatları qorumağı tələb edir. Bu öhdəlik sosial şəbəkələrdə edilən paylaşımlara da aiddir və iş saatları başa çatdıqdan sonra da qüvvədə qalır.
Başqa sözlə, müəllim şəxsi hesabında paylaşım edərkən peşə fəaliyyəti ilə bağlı məxfi məlumatları açıqlamamalıdır. Qayda pozuntusunun ağırlığından asılı olaraq ona qarşı intizam tədbirləri görülə, hətta işdən azad edilmə qərarı verilə bilər.
Müəllimlərə şagirdlərlə sosial şəbəkələrdə dostlaşmaq tövsiyə olunmur
Almaniyada təhsil siyasəti federal torpaqların səlahiyyətində olduğundan müəllimlərin sosial şəbəkələrdən istifadəsinə dair qaydalar bölgələrə görə dəyişir. Hessen torpağı bu sahədə xüsusi təlimatların hazırlandığı nümunələrdən biridir.
Hessen Təhsil Nazirliyinin müəllimlər üçün hazırladığı təlimat sosial şəbəkələrdə şagirdlərlə münasibət zamanı peşəkar sərhədlərin qorunmasını vacib sayır. Məsələn, müəllimlərə öz məktəblərinin şagirdlərinə dostluq sorğusu göndərməmək və onların göndərdiyi sorğuları qəbul etməmək tövsiyə olunur.
Təlimatda şagirdlərin şəxsi məlumatlarının qorunmasına da xüsusi diqqət yetirilir. Qiymətlər, sağlamlıq məlumatları, ünvanlar, telefon nömrələri və intizam tədbirləri barədə məlumatların sosial şəbəkələrdə paylaşılması yolverilməz hesab olunur.
Məktəb fəaliyyətində sosial şəbəkələrdən istifadə ediləcəksə, şagirdlərin və valideynlərin razılığı alınmalıdır. Heç bir şagird bu platformalardan istifadəyə məcbur edilə bilməz.
Bu tələblər “Dövlət qulluqçularının statusu haqqında” qanunun 34-cü maddəsi ilə də əlaqəlidir. Maddəyə əsasən, dövlət qulluqçuları tutduqları vəzifəyə uyğun hörmət və etimadı qoruyacaq şəkildə davranmalıdırlar. Bu prinsip onların işdənkənar davranışlarına və sosial şəbəkələrdəki paylaşımlarına da şamil oluna bilər.
Hessen məktəblərində sosial şəbəkələrdən istifadəyə ümumi qadağa qoyulmayıb. Əsas tələb şəxsi məlumatların qorunması və peşəkar davranış qaydalarına əməl edilməsidir. Pozuntunun xarakterindən və müəllimin hüquqi statusundan asılı olaraq xəbərdarlıqdan işdən azad edilməyə qədər müxtəlif tədbirlər görülə bilər.
Müəllimin işdənkənar davranışı da peşə məsuliyyəti yarada bilər
Kanadada müəllimlərin sosial şəbəkələrdən istifadəsinə dair peşəkar tövsiyələr mövcuddur. Ontario Müəllimlər Kolleci (Ontario College of Teachers) bu məqsədlə «Peşəkarlığın qorunması – elektron ünsiyyət və sosial mediadan istifadə» (Maintaining Professionalism – Use of Electronic Communication and Social Media) adlı sənəd hazırlayıb.
Tövsiyələrə əsasən, müəllimlər şagirdlərlə ünsiyyət zamanı rəsmi təhsil platformalarına üstünlük verməli, onların şəkillərini və ya məktəb işlərini paylaşmazdan əvvəl müvafiq razılığı almalıdırlar. Eyni zamanda, sosial şəbəkələrdə düşünülməmiş şərhlər yazmaqdan, şagirdləri, həmkarları və işəgötürənləri açıq şəkildə tənqid etməkdən çəkinməlidirlər.
Kanada Ali Məhkəməsinin qərarına görə, müəllimin işdənkənar davranışı da onun peşə fəaliyyətinə uyğunluğunun qiymətləndirilməsində nəzərə alına bilər.
Bu sənəd qanun deyil, müəllimlər üçün peşəkar tövsiyə xarakteri daşıyır. Lakin sosial şəbəkədəki davranış peşə standartlarının pozulması kimi qiymətləndirilərsə, müəllim intizam tədbirləri ilə üzləşə bilər.
Müəllimlər elə etməlidirlər ki, şagirdlər onların profillərini asanlıqla görməsinlər
İngiltərədə müəllimlərin sosial şəbəkələrdə davranışına əsasən məktəblərin daxili qaydaları çərçivəsində nəzarət edilir. Təhsil Nazirliyinin "Təhsil mühitində uşaqların təhlükəsizliyinin qorunması" (Keeping Children Safe in Education) adlı məcburi təlimatı məktəblərdən əməkdaşlar üçün davranış məcəlləsi hazırlamağı tələb edir. Bu qaydalar texnologiyalardan istifadəni, müəllim-şagird münasibətlərini və sosial media vasitəsilə ünsiyyəti də əhatə etməlidir.
Nümunə davranış məcəllələrində müəllimlərə sosial media profillərini şagirdlərin asanlıqla görə bilməyəcəyi şəkildə tənzimləmək, şagird və valideynlərlə şəxsi hesablar üzərindən əlaqə saxlamamaq tövsiyə olunur. Həmçinin müəllimlər şagirdlərin sosial media profillərini axtarmamalı, onların kimliyini müəyyən etməyə imkan verən şəkillərini razılıq olmadan paylaşmamalıdırlar.
İngiltərədə diqqət yalnız müəllimlərin sosial şəbəkələrdə necə davranmasına yönəlmir. Onların internetdə təqib və təhqirdən qorunması da ayrıca məsələ kimi nəzərdən keçirilir.
Belə ki, Təhsil Nazirliyinin 9 iyul 2026-cı ildə dərc etdiyi "Məktəb işçilərinə qarşı zorakılıq və təqibin qarşısının alınması və onunla mübarizə" (Preventing and tackling bullying and harassment of school staff) adlı təlimatda bu məsələyə xüsusi yer ayrılıb.
Sənədə əsasən, məktəblər əməkdaşlarına qarşı onlayn təqib hallarına, hətta bu hadisələr iş saatlarından kənarda baş verdikdə belə, operativ reaksiya verməli və zərərli məzmunun silinməsi üçün onlara dəstək göstərməlidirlər.
Beləliklə, İngiltərədə yanaşma ikitərəflidir: müəllimlərdən sosial mediada peşəkar davranış gözlənilir, eyni zamanda onların özlərinin onlayn təhlükəsizliyinin qorunması da məktəblərin məsuliyyətinə aid edilir.
Müəllimlərdən dərsdə telefonlardan istifadə edə bilməzlər
Türkiyədə müəllimlərin sosial şəbəkələrdə paylaşdıqları məzmunla bağlı əsas tələblərdən biri şagirdlərin və digər şəxslərin şəxsi məlumatlarının qorunmasıdır.
Məktəbdə və ya sinifdə çəkilmiş, insanları əks etdirən şəkil, video və səs yazılarının sosial mediada paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər var. Belə paylaşımlar qanunvericiliyin tələblərini pozduqda hüquqi prosedurlar başladılır və nəticələr nazirliyə bildirilir. İnsanların psixoloji və sosial vəziyyətinə mənfi təsir göstərə biləcək materialların yayılması da yolverilməz hesab olunur.
Bununla yanaşı, Türkiyə Milli Təhsil Nazirliyinin 2026–2027-ci tədris ilinə dair 2026/70 saylı "İş və əməliyyatlar" (İş ve İşlemler) sənədində müəllimlərdən sosial media paylaşımlarında pedaqoji və etik prinsiplərə riayət etmək tələb olunur. Bu tələb tədbirlərin, mərasimlərin və buraxılış proqramlarının təşkili ilə bağlı bölmədə əksini tapıb.
Sənəddə ev tapşırıqlarının verilməsi və şagirdlərin məlumatlandırılması zamanı nazirliyin müəyyən etdiyi platformalardan kənar vasitələrdən istifadə edilməməsi də vurğulanır. Bundan əlavə, müəllimlərdən dərs zamanı mobil telefonlardan istifadə etməmək tələb olunur.
Beləliklə, Türkiyədə müəllimlərin sosial mediadan istifadəsi ilə bağlı qaydalar əsasən şəxsi məlumatların qorunmasına, pedaqoji etikaya və təhsil prosesində rəsmi platformalardan istifadəyə yönəlib.
Ölkələrin təcrübəsi nə göstərir?
Ölkələrin təcrübəsi göstərir ki, müəllimlərin sosial şəbəkə fəaliyyətinə nəzarət yalnız paylaşım qadağaları ilə məhdudlaşmır. Əsas məqsəd şagirdlərin şəxsi məlumatlarını qorumaq, müəllim-şagird münasibətlərində peşəkar sərhədləri saxlamaq və təhsil işçilərinin peşə nüfuzunu təmin etməkdir.
Bəzi ölkələrdə bu tələblər qanunlarla, digərlərində isə məktəbdaxili qaydalar və peşəkar tövsiyələrlə həyata keçirilir. Bununla belə, ümumi yanaşma oxşardır: müəllimlərin şəxsi sosial media hesabları olsa da, onların paylaşdıqları məzmun peşə fəaliyyətindən tamamilə ayrı hesab edilmir. Xüsusilə şagirdlərin hüquqlarına, şəxsi məlumatlarına və təhsil mühitinə təsir edən paylaşımlar məsuliyyət məsələsi yarada bilər.




