Telefon qadağası olan məktəblərdə şagirdlərin nəticələri yaxşılaşıb – Tədqiqat
ABŞ-də şagirdlərin dərs günü ərzində telefonlarını xüsusi kilidli çantalarda saxladığı məktəblərdə riyaziyyat və oxu üzrə test nəticələri yaxşılaşıb. Tədqiqatçıların hesablamasına görə, bir tədris ilində qeydə alınan fərq şagirdlərin əlavə bir-iki həftə dərs keçməklə əldə edə biləcəyi irəliləyişə bərabərdir.
“Azərbaycan müəllimi” xəbər verir ki, “The New York Times” nəşrinin məlumatına görə, Harvard Universitetinin Təhsil Siyasəti üzrə Araşdırmalar Mərkəzinin noyabrın 17-də açıqladığı tədqiqat ABŞ-nin 4600 məktəbinin III–X siniflərində təhsil alan 3,3 milyon şagirdi əhatə edib.
Tədqiqatçılar 2021–2026-cı illərdə şagirdlərin payız və yaz aylarında verdikləri MAP testlərinin nəticələrini təhlil ediblər. Onlar telefon istifadəsinə qadağa qoyulan məktəblərdə hər bir şagirdin tədris ili ərzində nə qədər irəlilədiyini müəyyənləşdirib, bu göstəricini oxşar şəraitdə fəaliyyət göstərən və belə qadağanın tətbiq olunmadığı məktəblərin nəticələri ilə müqayisə ediblər.
Müəlliflərin hesablamasına görə, qadağanın tətbiq olunduğu məktəblərdə qeydə alınan illik irəliləyiş ABŞ-də pandemiyadan əvvəlki illərdə şagirdlərin test nəticələrində müşahidə olunan orta illik azalmanın təxminən yarısını kompensasiya edib. Əvvəlki ümumölkə araşdırmasının müəlliflərindən biri, Miçiqan Universitetinin professoru Brayan Ceykob bildirib ki, bir tədris ili üçün artım cüzi olsa da, bu tendensiya bir neçə il davam edərsə, fərq daha nəzərəçarpan ola bilər.




