Tələbələr süni intellektlə PUA yaradıblar

16 Noyabr, 2026 - 16:36
Tələbələr süni intellektlə PUA yaradıblar

Türkiyənin Qaziantep şəhərində tələbələr özlərinin hazırladıqları proqram təminatı əsasında 120 metr hündürlüyə qalxa bilən pilotsuz uçuş aparatı (PUA) hazırlayıblar.

“Azərbaycan müəllimi” Türkiyə mediasına istinadən xəbər verir ki, 2022-ci ildə 10 nəfərdən ibarət yaradılan “Teknogaraj SkyTürk” komandası mexaniki, elektron və proqram təminatı sistemlərini özləri hazırlayaraq qanadlarının açımı 130 santimetr olan PUA ərsəyə gətirib.

Aparat GPS, “Orange Cube” uçuş idarəetmə sistemi, süni intellekt dəstəkli kompüter və xüsusi proqram təminatı ilə təchiz edilib. PUA uçuş zamanı kamera vasitəsilə yerdəki obyektləri müəyyənləşdirə və təyin olunmuş nöqtəyə yük buraxa bilir.

Komandanın rəhbəri Əbdüssəlam Əsəd bildirib ki, aparatın proqram təminatı tamamilə komanda üzvləri tərəfindən hazırlanaraq sınaqdan keçirilib.

Onun sözlərinə görə, V formalı quyruq hissəsinə malik aparat yüngüllüyü və sürətli manevr qabiliyyəti ilə seçilir. PUA uçuş-enmə zolağına ehtiyac olmadan əllə havaya buraxıla və çətin ərazilərə enə bilir.

Bildirilib ki, “Teknogaraj SkyTürk” komandası “TEKNOFEST Güneydoğu” çərçivəsində keçirilən Beynəlxalq Pilotsuz Uçuş Aparatları Yarışında sabit qanadlı aparatlar kateqoriyası üzrə üçüncü yerə layiq görülüb.

Komanda üzvləri aparatı daha da təkmilləşdirərək 2027-ci ildə keçiriləcək “TEKNOFEST” yarışında iştirak etməyi planlaşdırırlar.