Türkiyədə ali təhsil üzrə rəqəmsal platforma yaradılır
Ali Təhsil Şurası (YÖK) ötən il fəaliyyətə başlayan Data Analizi Məktəbini 2026-2027-ci tədris ili üçün daha geniş əhatəli “Rəqəmsal Universitet Platforması”na çevirir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu addımla süni intellekt, data analizi və davamlılıq sahələrində pulsuz təhsil imkanları genişləndiriləcək.
YÖK-ün bəyanatına görə, platformada hər kəs üçün açıq olan pulsuz kurslar təklif olunacaq. Dərsləri Türkiyənin aparıcı universitetlərinin beynəlxalq səviyyədə tanınan akademikləri tədris edəcəklər.
Dərslər noyabrın 3-də ümumi açılış mühazirəsi ilə başlayacaq. Dərslərdə iştirak üçün qeydiyyat bu gün başa çatır.
Platforma üç məktəb üzrə 16 təhsil modulunu əhatə edəcək və üç təhsil istiqamətini - Süni İntellekt Məktəbi, Data Analizi Məktəbi, Yaşıl Transformasiya və Davamlılıq Məktəbi özündə birləşdirəcək.




