Xarici tələbələrin ABŞ-də işləməsi üçün 70 min dollar ödəniş təklif olunur
ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) xarici tələbələrin ölkədə işləməsinə imkan verən proqram çərçivəsində ən azı 70 min dollar məbləğində ödəniş tətbiq etməyi təklif edib.
"Azərbaycan müəllimi" "Reuters"ə istinadən xəbər verir ki, təklif ABŞ Prezidenti Donald Tramp administrasiyasının xarici viza sahiblərinə qarşı tətbiq etdiyi daha geniş məhdudiyyətlər çərçivəsində irəli sürülüb. DHS yeni qaydaların dələduzluqla mübarizə aparmaq, immiqrasiya sisteminin bütövlüyünü gücləndirmək və ABŞ işçilərini qorumaq məqsədi daşıdığını bildirib.
Hazırda F-1 vizası ilə ABŞ-də təhsil alan xarici tələbələr OPT (Optional Practical Training) proqramı çərçivəsində təhsil müddətində həftədə 20 saata qədər işləyə, məzun olduqdan sonra isə müəyyən müddət ərzində iş təcrübəsi qazana bilirlər. Elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində təhsil alanlar üçün bu müddət əlavə imkanları da əhatə edir. Hazırda proqram iştirakçılarından təxminən 500 dollar ödəniş tələb olunur.
Təklif qəbul edilərsə, F-1 vizası olan qeyri-immiqrant tələbələr peşəkar iş təlimi kimi tanınan OPT proqramında iştirak etmək üçün sertifikatlaşdırılmış müəssisəyə 70 min dollar ödəməli olacaqlar. Əlavə iş təlimi üçün isə 30 min dollar məbləğində ödəniş nəzərdə tutulur.
OPT proqramları ABŞ-də təhsil alan xarici tələbələrin sonradan H-1B vizası ilə işləməsinə keçid imkanlarından biri kimi çıxış edir.
Təklifin ictimai müzakirə üçün 30 gün müddətində təqdim olunacağı bildirilir. Qayda yekun təsdiqləndikdən sonra isə onun qüvvəyə minməsindən əvvəl məktəblərə, tələbələrə və işəgötürənlərə hazırlaşmaq üçün 60 gün vaxt veriləcək.




