Türkiyədə məktəblərdə imtahanların keçirilməsi qaydası dəyişir

27 Oktyabr, 2026 - 16:04
Türkiyədə məktəblərdə imtahanların keçirilməsi qaydası dəyişir

Türkiyədə 2026–2027-ci tədris ilindən orta məktəblərin 5, 6 və 7-ci, liseylərin isə 9, 10 və 11-ci siniflərində bir sıra fənlər üzrə yazılı imtahanlar rəqəmsal sistem vasitəsilə təşkil olunacaq. 

"Azərbaycan müəllimi" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Milli Təhsil Nazirliyi imtahanların hazırlanması, keçirilməsi və qiymətləndirilməsini əhatə edən Ortaq Yazılı İmtahan Sisteminin tətbiqi ilə bağlı 24 sualdan ibarət təlimat yayımlayıb.

Yeni sistem türk dili, riyaziyyat, təbiət elmləri, tarix, coğrafiya, fizika, kimya, biologiya, fəlsəfə, ingilis dili və digər müəyyən edilmiş fənləri əhatə edəcək.

Nazirlik imtahanların məzmununun birbaşa mərkəzi qurum tərəfindən hazırlanmayacağını, müəllimlərin prosesdə əsas rolunu qoruyacağını bildirib. Bunun üçün müəllimlərə bacarıq əsaslı açıq suallar bankı təqdim ediləcək.

Hər imtahanda orta hesabla 6-8 açıq sual olacaq. Müəllimlər seçilmiş mövzular üzrə iki sualı və qiymətləndirmə meyarlarını özləri hazırlayacaq, sual bankından götürülən iki sualı isə dəyişdirə biləcəklər. Sualların çətinlik dərəcəsi və balları şagirdlərin bilik səviyyəsi nəzərə alınmaqla müəyyənləşdiriləcək. Buna görə bütün məktəblərdə eyni sualların və eyni çətinlik səviyyəsinin tətbiqi nəzərdə tutulmur.

Sistem bəzi məktəblərə və siniflərə şamil edilməyəcək. İstisnalar arasında axşam liseyləri, peşə təhsili mərkəzləri, xüsusi təhsil müəssisələrinin müəyyən növləri və hazırlıq sinifləri var. Ayrı-ayrı fənlər və siniflər üzrə də istisnalar müəyyənləşdirilib.

İnteqrasiya olunmuş təhsil alan şagirdlərin imtahanları müvafiq qaydalar əsasında keçiriləcək, nəticələr elektron məktəb sisteminə daxil ediləcək.