"TikTok"da valideyn nəzarəti genişləndirilir: yeni funksiyalar təqdim olunacaq
"TikTok" yenilənmiş “Family Pairing” funksiyası ilə valideynlərə yeniyetmə övladlarının platformadan istifadəsini daha yaxından izləmək və təhlükəsizlik parametrlərini tənzimləmək imkanı yaradacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, yenilənmiş funksiya valideynlərə övladlarının ekran qarşısında keçirdiyi vaxt, platformadakı əlaqələri, maraq dairəsi və paylaşdığı məzmun barədə daha ətraflı məlumat təqdim edəcək.
Şirkətin məlumatına görə, yenilənmiş idarəetmə paneli dörd əsas istiqaməti əhatə edir. Ekran vaxtı bölməsində valideynlər yeniyetmələrin platformada keçirdiyi orta vaxtı, gecə saatlarında istifadə müddətini və vaxt məhdudiyyəti parametrlərini görə biləcəklər. Əlaqələr bölməsi izləyici və izlənilən hesabların sayındakı dəyişiklikləri göstərir. Maraq dairəsi bölməsində yeniyetmələrin izlədiyi təsdiqlənmiş məzmun yaradıcılarının paylaşımlarından nümunələr təqdim olunur. Paylaşımlar bölməsində isə onların hər həftə açıq şəkildə paylaşdığı videoları və həmin paylaşımların baxış sayını izləmək mümkün olacaq.
"TikTok" həmçinin özünə zərərvermə ilə əlaqəli ifadələri təkrar axtaran yeniyetmələrin valideynlərinə xəbərdarlıq göndərilməsi funksiyası üzərində işləyir. Bu yenilik Boston Uşaq Xəstəxanasının Rəqəmsal Rifah Laboratoriyasının mütəxəssisləri, eləcə də onlayn təhlükəsizlik və intiharın qarşısının alınması sahəsində çalışan ekspertlərlə əməkdaşlıq çərçivəsində hazırlanır.
Bununla yanaşı, platforma müəllimlər üçün xüsusi bələdçi də təqdim edib. Müəllimlər və uşaq təhlükəsizliyi üzrə mütəxəssislərlə məsləhətləşmələr əsasında hazırlanan resursda məktəb icmaları üçün məlumatlar, alətlər və praktiki tövsiyələr bir araya gətirilib. "TikTok" yaxın həftələrdə bələdçiyə sinif otaqlarında istifadə üçün əlavə materialların da daxil ediləcəyini açıqlayıb.
Qeyd edək ki, "TikTok" yeniyetmə hesablarında standart təhlükəsizlik tədbirləri tətbiq edir. Bunlara məxfi hesab parametrləri, yaşa uyğun məzmun siyasəti və gündəlik 60 dəqiqəlik ekran vaxtı limiti daxildir. Yenilənmiş “Family Pairing” funksiyası mövcud qoruma mexanizmlərini tamamlayacaq.




