İmtahanda köçürənlərin universitetə qəbuluna 10 il qadağa qoyula bilər
Cənubi Koreyada süni intellektdən istifadə etməklə imtahanlarda köçürmə hallarının qarşısını almaq üçün nəzarət tədbirləri sərtləşdirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, milli qəbul imtahanında bütün ölkə üzrə mobil telefonlara fövqəladə xəbərdarlıq siqnalları göndərilib, universitetlər isə gizli kameraların istifadəsinə qarşı xüsusi geyim və cihaz yoxlamaları tətbiq ediblər.
Hər il noyabr ayında keçirilən və səkkiz saat davam edən universitetə qəbul imtahanında (Suneung) bu il yarım milyondan çox şagird iştirak edib. İmtahan günü saat 08:30-da ölkə üzrə bütün telefonlara, hətta səssiz rejimdə olan cihazlara belə, yüksək səsli xəbərdarlıq siqnalı göndərilib. Gün ərzində daha iki xəbərdarlıq edilib.
İmtahandan iki gün əvvəl elan olunan yeni qaydalara əsasən, şagirdlərdən qollarını çirmələmək, köynək və pencəklərinin düymələrinə xüsusi stikerlər yapışdırmaq tələb olunub. Nəzarətçilər gizli kameraların aşkarlanması məqsədilə iştirakçıların eynəklərini də yoxlayıblar.
Təhlükəsizlik tədbirləri bununla məhdudlaşmayıb. Milli imtahandan sonrakı həftəsonu universitetlərin öz qəbul sınaqlarında da oxşar qaydalar tətbiq edilib. Seuldakı Kyung Hee Universiteti təxminən 35 min namizədə geyimlərinə gizli kamera yerləşdirmələrinin qarşısını almaq üçün birdəfəlik önlüklər paylayıb. Digər universitetlər süni intellektlə işləyən eynəklər, düymə kameraları və kamera-qələmlər kimi cihazların istifadəsini qadağan edib.
Universitetlərdə qaydaların fərqli olması imtahan iştirakçıları arasında çaşqınlıq yaradıb. Bəzi ali məktəblər şəxsi əşyaların, qulaq tıxaclarının və hətta adi saatların istifadəsini də məhdudlaşdırıb.
Cənubi Koreya Təhsil Nazirliyi universitet imtahanlarında köçürmə hallarına qarşı təcili tədbirlər qrupunun yaradılacağını açıqlayıb. Qrup 2027-ci il qəbul imtahanları başa çatanadək fəaliyyət göstərəcək. Universitetlərə Qəbul üzrə Koreya Şurası isə ağıllı cihazlardan istifadə etməklə köçürən şəxslərin 10 il müddətinə üzv universitetlərə qəbulunun qadağan edilməsi imkanını müzakirə edir.
Müəllim təşkilatları problemin yalnız universitet və milli qəbul imtahanları ilə məhdudlaşmadığını, məktəbdaxili qiymətləndirmələrdə də elektron cihazlardan istifadə riskinin artdığını bildirirlər. Onlar bütün imtahan məkanlarında elektron cihazlarla köçürmənin qarşısını almaq üçün vahid milli imtahan təhlükəsizliyi mərkəzinin yaradılmasını təklif edirlər.
Bununla yanaşı, ölkədə süni intellekt dövrünün tələblərinə uyğun qiymətləndirmə sisteminin qurulması, universitetə qəbul imtahanlarının formatının dəyişdirilməsi və yazılı cavab tələb edən sualların genişləndirilməsi də müzakirə olunur.
Qeyd edək ki, süni intellektdən istifadə etməklə köçürmə halları ətrafında yaranan qalmaqaldan sonra vaxtında və yetərli tədbirlər görmədiyinə, zəruri addımları gecikdirdiyinə görə Cənubi Koreyanın təhsil naziri Çve Kyo-cin istefa verib.




