Virciniyada məktəblər bağlanb – Təhlükəsizlik yoxlamaları aparılır
ABŞ-nin Virciniya ştatında yerləşən Albemarle dairəsinin bütün məktəbləri 500-dən çox yeni işə qəbul edilmiş əməkdaşın uşaqlara qarşı zorakılıq və laqeyd münasibətlə bağlı şikayətlər üzrə yoxlamadan keçirilmədiyi məlum olduqdan sonra müvəqqəti bağlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Albemarle dairəsi üzrə Dövlət Məktəbləri İdarəsi 29 məktəb və müəssisənin noyabrın 19-dan fəaliyyətini dayandırmaq qərarına gəlib. Məktəblərin noyabrın 30-da yenidən açılması nəzərdə tutulur.
İdarənin müvəqqəti rəhbəri Çandra Heyz valideynlərə ünvanladığı məktubda qərarın şagirdlərin təhlükəsizliyini riskə atmamaq məqsədilə verildiyini bildirib.
Məlumata görə, son üç il ərzində işə qəbul edilmiş 500-dən çox əməkdaşın cinayət keçmişi yoxlanılsa da, onların məlumatları Virciniya Sosial Xidmətlər Departamentinin Uşaqların Müdafiəsi üzrə Mərkəzi Reyestrinə təqdim edilməyib. Həmin reyestr uşaqlara qarşı zorakılıq və ya laqeyd münasibətlə bağlı şikayətlərin olub-olmadığını müəyyənləşdirmək üçün istifadə olunur.
Çandra Heyz bildirib ki, problem yeni işçilərin işə qəbul prosesinin yoxlanılması zamanı üzə çıxıb. Araşdırma nəticəsində uşaqların müdafiəsi ilə bağlı məlumatların təqdim edilməsinə məsul əməkdaşların müəyyən edilmiş prosedurlara ardıcıl şəkildə əməl etmədiyi aşkarlanıb.
O qeyd edib ki, yoxlamadan kənarda qalan şəxslər məktəblərdə və idarənin müxtəlif bölmələrində çalışırlar. Buna görə də məsələ tam həll olunana qədər bütün məktəblərin bağlanması qərara alınıb.
Hazırda Sosial Xidmətlər Departamenti yoxlamaların tamamlanması üzərində işləyir. Məktəblərin fəaliyyətinin mümkün qədər tez bərpa edilməsi üçün uşaqlarla birbaşa təmasda olan əməkdaşların müraciətlərinə üstünlük verilir. Hər hansı əməkdaşın uşaqlara qarşı zorakılıq və ya laqeyd münasibətlə bağlı təsdiqlənmiş şikayət üzrə adı keçərsə, şagirdlərin müdafiəsi üçün dərhal tədbir görüləcək.
Qeyd edək ki, Virciniya ştatının Şarlotsvill şəhərində yerləşən Albemarle dairəsi üzrə məktəb sistemi məktəbəqədər təhsildən 12-ci sinfədək 14 mindən çox şagirdi əhatə edir. Sistemdə 2 800-dən artıq əməkdaş çalışır.




