Danimarkada məktəblərdə mobil telefonlara qadağa qoyulacaq
Danimarka 2027-ci ildən etibarən ibtidai və aşağı orta təhsil pillələrini əhatə edən məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoymağı, həmçinin məktəb internet şəbəkəsində müəyyən məzmunlara girişi məhdudlaşdırmağı planlaşdırır.
“Azərbaycan müəllimi” xəbər verir ki, Danimarkanın Təhsil Nazirliyinin açıqlamasına əsasən, yeni qaydaların 2027-ci tədris ilindən qüvvəyə minməsi təklif olunur. Qadağa internetə çıxışı olan digər şəxsi elektron cihazlara da şamil ediləcək.
Bununla yanaşı, dərs zamanı təhsil və pedaqoji baxımdan əhəmiyyət daşımayan saytlara giriş bloklanacaq. Məhdudiyyətlər sosial şəbəkələrə, oyun və onlayn alış-veriş platformalarına aid olacaq.
Danimarkanın təhsil naziri Maqnus Heynike bildirib ki, uşaqlar sosial şəbəkələr, onlayn alış-veriş və oyunlar kimi vasitələrin daimi diqqət yayındırması olmadan məktəbə gedə bilməlidirlər.
Hansı internet saytlarının bloklanacağına isə hər bir bələdiyyə və məktəb özü qərar verəcək.




