Yeniyetmələr internetdəki gizli təhlükələrdən nə qədər xəbərdardırlar? - ARAŞDIRMA

25 Noyabr, 2026 - 12:43
Yeniyetmələr internetdəki gizli təhlükələrdən nə qədər xəbərdardırlar?

Avstraliyada aparılan araşdırma yeniyetmələrin bir sıra internet təhlükələri və onlardan qorunma yolları barədə kifayət qədər məlumatlı olmadığını üzə çıxarıb.

“Azərbaycan müəllimi” xarici elmi mənbələrə istinadən xəbər verir ki, tədqiqat çərçivəsində Yeni Cənubi Uels ştatının iki məktəbində təhsil alan 119 yeniyetmə arasında sorğu keçirilib. İştirakçıların kiberzorakılıq, şəxsi məlumatların yayılması, internet üzərindən təqib, saxta hesablar və digər 12 onlayn təhlükə barədə bilikləri qiymətləndirilib.

Nəticələrə əsasən, yeniyetmələrin əksəriyyəti kiberzorakılıq haqqında məlumatlı olsa da, təxminən üçdə biri şəxsi görüntülərlə şantaj edilmə təhlükəsindən xəbərsizdir. İştirakçıların yalnız 45 faizi şəxsi məlumatların razılıq olmadan internetdə yayılması, 35 faizi isə görüntülərdən sui-istifadə halları barədə məlumatlıdır.

Bundan başqa, sorğuda iştirak edənlərin dörddəbirindən azı internetdə etimad qazanmaq yolu ilə uşaqların istismar məqsədilə aldadılması təhlükəsini, təxminən 22 faizi isə nifrət nitqinin nə olduğunu bildiyini göstərib.

Tədqiqatçılar müəyyən ediblər ki, internet təhlükələrini daha yaxşı tanıyan yeniyetmələr özlərini qorumaq yollarını da daha yaxşı bilirlər.

Mütəxəssislər yeniyetmələrə şəxsi məlumatlarını və olduqları yeri internetdə paylaşmamağı, kiberzorakılıqla qarşılaşdıqda sübutları saxlayaraq həmin hesabları bloklamağı və şikayət etməyi tövsiyə edirlər. Həmçinin tanımadıqları şəxslərin manipulyasiyalarına qarşı diqqətli olmaq, şəxsi xarakterli görüntülər göndərməmək, saxta profilləri tanımaq və internetdə yayılan məlumatların doğruluğunu yoxlamaq məsləhət görülür.

Araşdırma müəllifləri hesab edirlər ki, yeniyetmələrin rəqəmsal təhlükəsizlik barədə maarifləndirilməsi onların internetdə qarşılaşa biləcəkləri risklərin azaldılmasında mühüm rol oynayır.