Yeni Zelandiya və Şotlandiya müəllimlərin şagirdlərə fiziki müdaxiləsinin sərhədləri müəyyənləşdirilir
Yeni Zelandiya və Şotlandiyada məktəblərdə şagirdlərə fiziki müdaxilə ilə bağlı qaydalar diqqət mərkəzinə gəlib. Yeni Zelandiyada müəllimin şagirdə şillə vurması ilə bağlı araşdırma aparıldığı halda, Şotlandiyada fiziki məhdudlaşdırma və təcridetmə hallarının tənzimlənməsi üçün yeni qaydalar müzakirəyə çıxarılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Yeni Zelandiyada Oklend şəhərində məktəbdə müəllimin məşq zamanı 7 yaşlı şagirdin əlini vurduğu iddia edilib. Məktəbin araşdırmasına əsasən, müəllim əl-ələ tutan iki şagirdi ayırmaq üçün onlara toxunub. Məktəb təmasın qısamüddətli olduğunu və cəza məqsədi daşımadığını bildirib. Müəllimə şifahi xəbərdarlıq edilməsi və sinif idarəçiliyi, fiziki müdaxilə qaydaları üzrə əlavə təlim keçməsi qərara alınıb. Şagirdin anası isə araşdırmanın nəticələri ilə razılaşmayaraq müxtəlif qurumlara şikayət edib.
Yeni Zelandiyanın Təhsil və Təlim Qanununa əsasən, məktəblərdə fiziki cəza və şagirdin təcrid olunması qadağandır. Müəllimlər və səlahiyyətli məktəb əməkdaşları yalnız şagirdin və ya başqa şəxsin sağlamlığı və təhlükəsizliyi üçün dərhal təhlükə yarandıqda, başqa çıxış yolu olmadıqda fiziki müdaxilə edə bilərlər. Bu müdaxilə vəziyyətə uyğun və mütənasib olmalıdır.
Şotlandiyada isə məktəblərdə fiziki məhdudlaşdırma və təcridetmə ilə bağlı yenilənmiş təlimat layihəsi ictimai müzakirəyə çıxarılıb. Təkliflərə əsasən, bu üsullardan yalnız xəsarət almaq təhlükəsinin dərhal yarandığı hallarda son vasitə kimi istifadə edilməlidir.
Yeni qaydalar məktəblərdən belə halların qeydə alınmasını, müvafiq qurumlara bildirilməsini və nəzarətdə saxlanılmasını tələb edir. Həmçinin şagirdə fiziki məhdudlaşdırma tətbiq edildikdə valideynlərə 24 saat ərzində məlumat verilməlidir.
Təlimat layihəsi ilə bağlı ictimai müzakirələr 2027-ci il fevralına qədər davam edəcək. Təklif və rəylər nəzərə alınaraq sənədin 2027-2028-ci tədris ilində qüvvəyə minməsi nəzərdə tutulur.




