Norveç məktəblərdə rəqəmsal texnologiyalardan istifadəyə yenidən baxır

26 Noyabr, 2026 - 09:27
Norveç məktəblərdə rəqəmsal texnologiyalardan istifadəyə yenidən baxır

Məktəblərdə kompüter və planşet istifadəsini genişləndirən Norveç şagirdlərin oxu və yazı bacarıqlarının zəifləməsi fonunda ənənəvi dərsliklərə qayıdır, rəqəmsal cihazların tədrisdə tətbiqini məhdudlaşdırır.

“Azərbaycan müəllimi” xəbər verir ki, ölkədə son illər məktəblərdə ekranlardan istifadənin həddindən artıq genişlənməsi və bunun təlim nəticələrinə təsiri ilə bağlı narahatlıqlar artıb. Təxminən 20 il ərzində siniflərdə kompüter və planşet istifadəsini təşviq edən Norveç indi bu yanaşmanı yenidən nəzərdən keçirir.

2023-cü ildən Oslodakı ibtidai məktəblərdə hər şagirdin rəqəmsal cihazla təmin edilməsi nəzərdə tutulsa da, bələdiyyə artıq bu tələbi ləğv edib. Məktəblərə dərs prosesində istifadə ediləcək vasitələri seçmək üçün daha geniş sərbəstlik verilib. Hökumət çap dərsliklərinə çıxışın qanunla təmin olunmasını, məktəblərdə mobil telefon istifadəsinin tənzimlənməsini və süni intellektin tədrisə mərhələli şəkildə daxil edilməsini də gündəmə gətirib.

Bu dəyişikliklərin əsas səbəblərindən biri şagirdlərin akademik göstəricilərindəki geriləmədir. 2025-ci il PISA qiymətləndirməsində norveçli şagirdlər oxuyub-anlama, riyaziyyat və təbiət elmləri üzrə OECD ölkələrinin orta göstəricisindən aşağı nəticə göstəriblər. 2006-cı ildən bəri ilk dəfə ölkə hər üç istiqamət üzrə eyni vaxtda orta göstəricidən geri qalıb.

Norveçli tədqiqatçıların araşdırmaları da kağız üzərində oxumağın üstünlüklərinə diqqət çəkir. Oslo Universitetinin professoru Marte Blikstad-Balas və həmkarlarının araşdırmasına görə, şagirdlər ekrandan oxuduqları mətnləri anlamaq üçün kağızda oxuduqları mətnlərlə müqayisədə iki-üç dəfə daha çox təkrar oxumağa ehtiyac duyublar. Rəqəmsal mühitdə oxuyarkən onların daha sürətli və səthi oxumağa meyilli olduqları da müşahidə edilib.

Ölkədə texnologiyaların istifadəsinə dair məhdudiyyətlər məktəblərlə də bitmir. Hökumət 16 yaşdan kiçik uşaqların "TikTok", "Snapchat" və "Roblox" kimi platformalara çıxışını məhdudlaşdıran qanun layihəsi hazırlayır. Məxfilik risklərini əsas gətirərək, kameralı ağıllı eynəklərin parklar, çimərliklər və məktəblər kimi bəzi ictimai məkanlarda istifadəsinin müvəqqəti qadağan edilməsi də nəzərdən keçirilir.