“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar

14 May, 2026 - 16:17
“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar

Müasir dövrdə qloballaşma və sürətli sosial dəyişikliklər fonunda milli ailə dəyərlərinin qorunması və təbliği xüsusi aktuallıq kəsb edir. Gənc nəslin ailə məsuliyyəti, valideyn-övlad münasibətləri, qarşılıqlı anlayış və milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyə olunması gələcəyin sağlam ailələrinin formalaşmasına mühüm töhfə verir.

Elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərləri” mövzusunda keçirilən “açıq dərs”in də məqsədi milli ailə dəyərlərinin təşviqi, mənəvi dəyərlərə hörmət hissinin aşılanması, gənc nəslin gələcəkdə sağlam təməllər üzərində ailə qurmağa hazırlanması istiqamətində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılması idi.  

“Açıq dərs”də ali təhsil müəssisəsinin “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Rizvan İbrahimlinin “Ailə: milli-mənəvi kimliyin formalaşdığı ilk məktəb”, “Dinşünaslıq” ixtisasının III kurs tələbəsi Natavan Həbibovanın “Ana: dəyərlərin ilk müəllimi və cəmiyyətin görünməyən memarı”, “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Fatimə İsrafilovanın “Ata modeli: məsuliyyət, liderlik və mənəvi nümunə”, “Dinşünaslıq” ixtisasının III kurs tələbəsi Seyidəli Rzazadənin “Ekranlar arasında itən ünsiyyət: rəqəmsal dövrdə ailə necə qorunur?” mövzularında hazırladıqları təqdimatlarda Azərbaycan ailə modelindən, ailə dəyərlərinin qorunmasından, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və etimadın əhəmiyyətindən, valideyn məsuliyyətindən, müasir dövrdə ailə institutunun qorunması və möhkəmləndirilməsində, valideyn-övlad münasibətlərindən, ata-anaya verilən dəyərdən söz açıldı. 

Sonra təqdimatlar ətrafında müzakirələr aparıldı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və başqaları çıxış edərək belə mövzularda tədbirlərin keçirilməsini milli-mənəvi irsimizin qorunmasına, ailə dəyərlərinin yaşadılmasına və gələcək nəsillərə sağlam ailə modelinin aşılanmasına xidmət etdiyini söylədilər. Qeyd olundu ki, ailə yalnız bir ev deyil, həm də sevginin, birlik və həmrəyliyin yaşandığı müqəddəs bir ocaqdır.

Sonda  təqdimatlarla çıxış edən tələbələrə təşəkkürnamələr təqdim olundu.

“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar
“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar
“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar
“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar