ADNSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər günün mübarək, qalib Azərbaycan” adlı "dəyirmi masa" keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, ADNSU-nun Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "dəyirmi masa" Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Kitabxanaİnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova açaraq Zəfər Gününün Azərbaycan tarixində əhəmiyyətindən, bu möhtəşəm qələbənin xalqımızın birliyinin, dövlətimizin gücünün və Ali Baş Komandanın müdrik rəhbərliyinin nəticəsi olduğunu vurğulayıb.
"Dəyirmi masa"da ADNSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmayılov, Humanitar fənlər kafedrasının professoru İradə Nuriyeva, ADNSU məzunları – SOCAR-ın “Kompleks Qazma İşləri” trestinin Qazma əməliyyatları şöbəsinin rəisi Coşqun Xəliloğlu, 44 günlük Vətən müharibəsi iştirakçısı, SOCAR-ın böyük mühəndisi Saleh Rəhmanov, eləcə də Humanitar fənlər kafedrasının müəllimi Könül Abdullayeva çıxış ediblər.
Çıxışçılar “Zəfər tariximiz”, “Azərbaycan Ordusunun qüdrəti” və “Qələbənin 5 illiyi” mövzularında fikirlərini bölüşərək müzəffər Ordumuzun şücaətindən, xalqımızın birlik təcəssümü və iradəsindən bəhs ediblər.
ADNSU-nun tələbələri də "dəyirmi masa"da fəal iştirak edərək Zəfər tarixi ilə bağlı düşüncələrini bölüşüb, Vətənə sevgi və qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.
Tədbir çərçivəsində 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər günün mübarək, qalib Azərbaycan” adlı kitab sərgisi də iştirakçılara təqdim olunub. Sərgidə 50-dən artıq kitab və digər nəşrlərlə yanaşı, ADNSU tələbələrinin Zəfər mövzusunda hazırladıqları vitraj rəsmləri də nümayiş etdirilib.



