ADNSU-da Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub
Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki tədbirdə ADNSU-nun rektoru dosent Rüfət Əzizov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Yeni mərkəz tələbələrin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi, startap layihələrinin inkişaf etdirilməsi, həmçinin yeni texnoloji və elmi ideyaların formalaşdırılması üçün mühüm inkubasiya mühiti rolunu oynayacaq. Mərkəzin yaradılması ölkədə innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
ADNSU AİM-in açılışında çıxış edən rektor Rüfət Əzizov bildirib ki, mərkəzin əsas məqsədi tələbələrin, müəllimlərin və gənc mütəxəssislərin yeni ideyalar üzərində birgə işləməsinə, yaratmasına və inkişaf etməsinə şərait yaratmaqdır. O, ADNSU-nun güclü araşdırma potensialının, riyaziyyat və mühəndislik məktəbi kimi zəngin bazasının olduğunu vurğulayaraq belə bir mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini diqqətə çatdırıb:
“Biz çalışırıq ki, yüksək potensiallı tələbələr və professor-müəllim heyəti üçün daha geniş imkanlar yaradaq. ADNSU tələbələri ölkədə keçirilən startap yarışmaları, innovasiya müsabiqələri, kibertəhlükəsizlik və inkubasiya proqramlarında hər zaman fəal iştirak edir. Universitetimizin elmi nəticələri də ildən-ilə artır. Elm innovasiyanın əsas hərəkətverici qüvvəsidir. Buna görə də bu mərkəzdən gözləntilərimiz yüksəkdir. İnanırıq ki, burada həyata keçiriləcək layihələr həm universitetə, həm də ölkəmizə ciddi fayda verəcək”.
İRİA İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında qeyd edib ki, Agentlik ölkədə rəqəmsal transformasiya və innovasiya ekosisteminin genişləndirilməsinə xüsusi önəm verir:
“Biz quruculuq prosesində beş əsas prinsipə istinad edirik ki, onların birincisi infrastrukturun formalaşdırılmasıdır. Dövlət-universitet-sənaye birliyinin yaradılması inkişaf etmiş ölkələrdə innovasiya ekosisteminin uğurunun əsas səbəblərindəndir. İnnovasiya Mərkəzinin universitet mühitində yaradılması qısa müddətdə öz müsbət nəticələrini göstərəcək”.
Fərid Osmanov əlavə edib ki, belə bir mərkəzin məhz ADNSU-da yaradılması təsadüfi deyil: “105 illik tarixi olan bu təhsil ocağı həm sənaye ilə əlaqələr, həm də ekosistem baxımından çox zəngindir. Bu səbəbdən layihədən gözləntilərimiz böyükdür”.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxışında mərkəzin açılmasını yüksək qiymətləndirib. O, sənaye sahələrindən daxil olan tələblərə uyğun yeni innovativ layihələrin icrasının universitetlər üçün, o cümlədən ADNSU üçün mühüm imkanlar yaratdığını bildirib:
“ADNSU Azərbaycan sənayesinin inkişafına xüsusi töhfə verən təhsil müəssisəsidir. Universitetin innovasiya sahəsində də ön sıralarda yer alması bizim üçün vacibdir. Elm və Təhsil Nazirliyi olaraq universitetlərin sənaye ilə əməkdaşlığının genişlənməsində maraqlıyıq və bu layihəyə dəstək verməyə hazırıq”.
Açılış mərasimində İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev Azərbaycan İnnovasiya Mərkəzinin konsepsiyası və fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış edib.
Daha sonra ADNSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən, dosent Elviz İsmayılov universitetdə innovasiya ekosisteminin qurulması istiqamətində görülən işlər barədə geniş təqdimatla iştirakçıları məlumat verib.
Tədbir çərçivəsində qonaqlar mərkəzdə fəaliyyət göstərən startap və innovativ layihələrlə də yaxından tanış olublar və mövcud nümunələri yüksək qiymətləndiriblər.


