ADNSU-da “Əcəmi Naxçıvani-900” “adlı dəyirmi” masa və kitab sərgisi keçirilib
Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Əcəmi Naxçıvani-900” adlı "dəyirmi masa" və kitab sərgisi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADNSU-nun Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova çıxışında Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamı, eləcə də görkəmli memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması və 2026-cı ilin ölkədə “Şəhərsalma və memarlıq ili” elan edilməsi barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, keçirilən tədbir sözügedən sərəncamın icrası çərçivəsində təşkil olunan silsilə tədbirlərin tərkib hissəsidir.
"Dəyirmi masa"da Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq abidələrinin qorunması və bərpa problemləri” şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva, rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova, Humanitar fənlər kafedrasının dosenti Yaşar Əhmədov çıxış ediblər. Çıxışlarda Azərbaycan memarlıq sənətinə yeni istiqamət vermiş, dövrünün memarlıq üslubuna zəriflik və dinamika gətirmiş böyük sənətkarın zəngin və çoxşaxəli yaradıcılığından bəhs olunub.
Çıxışlarda Əcəmi Naxçıvaninin özünəməxsus memarlıq üslubu, estetik kamilliyi və məzmunlu kompozisiyaları ilə seçilən əsərlərinin sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq memarlığına əhəmiyyətli təsir göstərdiyini vurğulayıblar. Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Kitabxana İnformasiya Mərkəzinin fonduna "Əcəmi Naxçıvani - 900 " adlı kitab hədiyyə olunub. Kitabın müəllifi Rahibə Əliyevadir. Kitab Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə işıq üzü görüb.
Tədbirin sonunda Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarx nümayiş etdirilib, həmçinin 30-dan çox nəşri əhatə edən kitab sərgisi iştirakçılara təqdim olunub.



