ADNSU və Vorvik Universitetinin ikili diplom proqramı müzakirə edilib
İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Böyük Britaniyanın Vorvik Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Vorvik Universitetinin Cənubi və Mərkəzi Asiya və Yaxın Şərq üzrə prorektor müavini, professor Virinder Kalra, Beynəlxalq Strategiya və Əlaqələr Ofisinin direktor müavini Emily Lim, həmin ofisin beynəlxalq tərəfdaşlıqlar üzrə meneceri Tania Zahorskaya, Azərbaycanın Birləşmiş Krallıqdakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov, eləcə də ADNSU-nun rektor vəzifəsini müvəqqəti icra edən, elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov, beynəlxalq əlaqələr üzrə prorektor, texnika üzrə fəlsəfə doktoru Nigar Adilova, rektorun müşaviri Orxan Kərimzadə və ADNSU–Vorvik ikili diplom proqramının rəhbəri Mahmud İsmayılov iştirak ediblər.
Görüş zamanı ADNSU-nun elmi və beynəlxalq fəaliyyət sahəsində əldə etdiyi nailiyyətlər, həmçinin ADNSU–Vorvik ikili diplom proqramının mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Daha sonra qonaqlar universitetin infrastrukturu ilə yaxından tanış olublar.
Görüşün ikinci mərhələsində nümayəndə heyəti Azərbaycan-Fransız Universitetinə (UFAZ) səfər edib. UFAZ-ın icraçı direktoru, strateji məsələlər üzrə prorektor, dosent Vazeh Əskərovun iştirakı ilə keçirilən görüş zamanı qonaqlar UFAZ-ın fəaliyyət modeli, həmçinin burada yaradılmış müasir laboratoriya infrastrukturu ilə yaxından tanış olublar.




