“Təhsil hər kəsin bir yerdə, əməkdaşlıq şəraitində görməli olduğu bir işdir” - Nazir
“Təhsil haqqında danışarkən biz təhsilin əlçatan olmasını, yəni insanların təhsil alması üçün imkanların olmasını nəzərə almalıyıq. Çünki təhsil varsa, amma vətəndaşlar üçün əlçatan deyilsə, onda təhsil yoxdur mənasındadır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi təhsilin əlçatan, keyfiyyətli olması və vətəndaşlar üçün bərabər imkanlar yaratması baxımından, istər bölgələrdə, istərsə də paytaxtda müxtəlif səriştələri olan, müxtəlif qrupları təmsil edən vətəndaşlar üçün eyni imkanlar çərçivəsində əlçatan olmasına çalışır.
E.Əmrullayev PISA 2025 tədqiqatlarında Azərbaycanın uğurlu nəticə göstərməsinə də diqqət çəkib: “Yaxşı hal ondan ibarətdir ki, Bakı şəhərinin nəticələrinə baxdıqda, əvvəlki dövrlərlə müqayisədə nəticələrin əsaslı şəkildə artdığını görürük. Təbii ki, bu işdə bizim ən böyük uğur müəllimlərimizin əməyidir. Təhsil hər kəsin bir yerdə, əməkdaşlıq şəraitində görməli olduğu bir işdir”.




