Elçin Babayev: Ali təhsil müəssisələri düşünməyi öyrədən yerə çevrilməlidir
“Bu gün tələbə və ya şagird auditoriyaya dünyanın ən böyük informasiya resurslarını özü ilə gətirir. Sual verir və cavabı tapmaq istəyir. Bu yeni reallıq yeni bir sual doğurur. Əgər məlumatı artıq əldə etmək əsas problem deyilsə, təhsil müəssisəsinin əsas missiyası bu gün nədir?”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri BDU-nun rektoru Elçin Babayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı səsləndirib.
Rektor bildirib ki, müasir dünya sürətli və fundamental dəyişikliklər mərhələsinə keçir. Süni intellekt həyata və əmək bazarına, insan fəaliyyətinin müxtəlif sahələrinə ağlasığmaz sürətlə inteqrasiya olunur, yeni peşələr yaranır, bəzi peşələr sıradan çıxır, qlobal çağırışlar öz növbəsində daha da mürəkkəbləşir: “Bütün bunlar təhsilverənlər qarşısında mühüm suallar qoyur: "Gələcəyin insanını necə hazırlamalıyıq? Təhsil müəssisələri dəyişən dünyaya necə uyğunlaşmalı, eyni zamanda öz fundamental missiyasını necə qorumalıdır?”.
E.Babayevin sözlərinə görə, ali təhsil müəssisəsi yalnız məlumat verən mənbə deyil, ilk növbədə düşünməyi öyrədən yerə çevrilməlidir: “Çünki məlumatın həcmi artdıqca onun seçilməsi, təhlili və düzgün qiymətləndirilməsi daha böyük əhəmiyyət qazanır. Təhsil insanın bu gün də yaradıcı potensialını üzə çıxarır, məsuliyyət hissini daha da gücləndirir”.
Rektor PISA tədqiqatının nəticələrinə görə, Azərbaycanın digər ölkələrlə müqayisədə riyazi savadlılıq, təbiət elmləri və oxu üzrə əhəmiyyətli irəliləyiş göstərdiyinə diqqəti çəkib: “PISA-nın əsl dəyəri yalnız rəqəmlərdə deyil, o, şagirdin biliklərini real həyatda tətbiq edə bilməsini, problemləri həll etməsini və düşünməsini qiymətləndirir. Əldə olunan uğurlu nəticə heç də son nöqtə deyil, yeni mərhələnin, yeni uğurların başlanğıcıdır”.




