Qadınların təhsili üçün 56 milyon manatdan çox vəsait ayrılıb - TTKF
Təhsil Tələbə Krediti Fondunun 5 illik fəaliyyəti dövründə 25083 qadın tələbə təhsil tələbə kreditindən yararlanıb. Bu, ümumiikdə kreditdən yararlanan tələbələrin 62.65 faizini təşkil edir.
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsil Tələbə Krediti Fondunun ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Gülnar Zeynalova belə deyib.
Onun sözlərinə görə, bütün semestrlər üzrə fondun elektron portalına 72725 qadın müraciət edib, onların təhsil haqqının maliyyələşdirilməsi üçün 60 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.
Qadınların təhsil haqqının ödənilməsinə 56 milyon manatdan çox dövlət vəsaiti ayrılıb.
Təhsilin normativ müddətində əldə etdikləri akademik nəticələrə əsasən qadın məzunlara kredit üzrə güzəştlər də tətbiq edilib. Standart təhsil tələbə krediti üzrə 612 qadın məzunun kreditinin 25 faizi, sosial təhsil tələbə krediti üzrə isə 252 qadın məzunun kreditinin 50 faizi bağışlanıb. Bu güzəştlər çərçivəsində bağışlanan vəsaitin ümumi məbləği 753,2 min manatdan çox olub. Bundan əlavə, 4952 qadın məzuna faizdən azad güzəşti tətbiq edilib.
Qeyd edək ki, 2026/2027-ci tədris ilinin payız semestrində qadın tələbələrin təhsil haqqının maliyyələşdirilməsi üçün 6757 təhsil tələbə krediti rəsmiləşdirilib. Bu, cari semestr üzrə rəsmiləşdirilən kreditlərin 67 faizini təşkil edir. 3918 qadın tələbə isə 2026-2027-ci tədris ilində birinci kursun birinci semestri üzrə təhsil haqqının ödənilməsi üçün bu dəstəkdən yararlanıb.




