20 ildə 4 mindən çox məktəb tikilib
“Son 20 ildə ölkəmizdə 4 mindən çox məktəb tikilərək istifadəyə verilib və ya əsaslı təmir olunub. Həmin təhsil müəssisələri müasir texnologiyalarla təmin edilib. Hazırda məktəblərin demək olar ki, hamısında internetə çıxış imkanı mövcuddur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” adlı panel sessiyada elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
Nazir müavini qeyd edib ki, təhsil müəssisələrinin müasir texnologiyalarla təmin olunması pandemiya dövründə tədrisin davam etdirilməsində də mühüm rol oynayıb:
“Pandemiya zamanı məktəblərin bağlananda çətin vəziyyət yaranmışdı. Lakin qısa müddətdə çıxış yolu tapıldı. Əvvəlcə teledərslər təşkil edildi, bir həftə ərzində isə virtual təhsil platforması yaradıldı. Müasir texnologiyaların imkanlarından istifadə etməklə tədris proqramlarının təhsilalanlara çatdırılması təmin olundu”.
F.Qurbanov eyni zamanda, təhsil sisteminin rəqəmsal imkanlarının inkişaf etdirilməsinin və yeni texnologiyaların tədrisdə tətbiqinin əhəmiyyətini vurğulayıb.




