AIESEC “Gənclər danışır” Forumu keçirəcək

24 Noyabr, 2026 - 12:37
AIESEC “Gənclər danışır” Forumu keçirəcək

AIESEC Azərbaycan 6 dekabr 2026-cı il tarixində gəncləri və müxtəlif sahələrin peşəkar spikerlərini bir araya gətirəcək 13-cü “Gənclər danışır” Forumunu (Youth Speak Forum) təşkil edəcək.

"Azərbaycan müəllimi" xəbər verir ki,“Növbəti dayanacaq: Gələcək” (Next Stop: Future) mövzusu və “Bu günün ötəsində təhsil” (Education Beyond Today) şüarı ilə keçiriləcək forumun diqqət mərkəzində müasir təhsilin dəyişən dinamikası, beynəlxalq imkanlar, xaricdə təhsil, gələcəyin əmək bazarı, karyera perspektivləri və şəxsi inkişaf dayanır.

Forum gənclərə yeni perspektivlər qazandırmağı, onları mövcud imkanlarla tanış etməyi və gələcəkləri ilə bağlı daha məlumatlı qərarlar verməyə təşviq etməyi hədəfləyir.

Forum çərçivəsində müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə panel müzakirələri, interaktiv sessiyalar və praktiki fəaliyyətlər təşkil olunacaq. İştirakçılar aktual mövzular ətrafında fikir mübadiləsi aparmaq, real təcrübələrdən faydalanmaq, yeni əlaqələr qurmaq və şəxsi inkişafları üçün faydalı biliklər əldə etmək imkanı qazanacaqlar.

Forum Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü məqsəd- Keyfiyyətli Təhsil (Quality Education), 8-ci məqsəd - Layiqli Əmək və İqtisadi Artım (Decent Work and Economic Growth), eləcə də 17-ci məqsəd - Məqsədlər naminə Tərəfdaşlıq (Partnerships for the Goals) istiqamətlərini dəstəkləyir. Bu çərçivədə tədbir təhsilin əlçatanlığının artırılmasını, gənclərin əmək bazarına hazırlanmasını və müxtəlif sektorlar arasında əməkdaşlığın gücləndirilməsini təşviq edir.

Qeyd edək ki, AIESEC dünyada 1948-ci ildə, Azərbaycanda isə 2007-ci ildə əsası qoyulmuş gənclər təşkilatıdır. Təşkilatın əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin (Sustainable Development Goals) təşviqi və həyata keçirilməsinə töhfə verməkdir. AIESEC Azərbaycan gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, onları beynəlxalq təcrübə və könüllülük imkanları ilə tanış etmək, habelə cəmiyyətdə müsbət dəyişikliklərə töhfə verən məsuliyyətli gənc nəslin formalaşmasına dəstək olmaq məqsədilə fəaliyyət göstərir. Təşkilat beynəlxalq təcrübə proqramları, layihələr və tədbirlər vasitəsilə gənclərə yeni bacarıqlar qazanmaq, müxtəlif mədəniyyətlərlə tanış olmaq və qlobal əlaqələr qurmaq imkanı yaradır.

Qeydiyyat: https://bit.ly/13thYSF