Məzunların peşə seçimi əmək bazarının gözləntilərinə uyğun formalaşmayıb - Emin Əmrullayev

18 Noyabr, 2026 - 13:15
Məzunların peşə seçimi əmək bazarının gözləntilərinə uyğun formalaşmayıb

“Hələ də gənclərin və ya məzunların peşə seçimi kifayət qədər əmək bazarının gözləntilərinə, tələblərinə və oradakı ehtiyaclara uyğun formalaşmayıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” panel müzakirəsində səsləndirib.

Nazir bildirib ki, bəzən uşaqlardan nə olmaq istədiyini, yaxud hansı peşəyə yiyələnmək istədiyini soruşanda çox rahatlıqla belə cavab verə bilər: “Mən ikinci qrupu istəyirəm”. 

Onun sözlərinə görə, belə şagird üçün ikinci qrupda imtahan vermək və harasa qəbul olmaq əsasdır: “O, mühasib də ola bilər, coğrafiya müəllimi də. Onun üçün fərqi yoxdur. Belə insanların sayı 500 nəfər olanda problem olmur. Amma belə insanların sayı bir neçə minə çatanda, hər il həmin minlərlə insan əmək bazarına daxil olanda və 15-20 ildən sonra əmək bazarının təxminən yarısı belə adamlardan ibarət olanda, bu, ciddi problemə çevrilir. Çünki insan öz peşəsini sevməlidir. Biz “nə olursa-olsun, əsas odur ki, harasa qəbul olum” təfəkkürünü dəyişə bilmədiyimiz müddətdə, məncə, kifayət qədər ciddi problemlərimiz olacaq”.

Emin Əmrullayev qeyd edib ki, təxminən 30 ilə yaxındır, ixtisasların şaquli seçimi prinsipini tətbiq edirik: “Sən həkim ola bilməyəndə biologiya müəllimi olursan, biologiya müəllimi ola bilməyəndə kənd təsərrüfatı mütəxəssisi olursan. Əsasən, bu alqoritm işləyir. Yaxud da nəsə ola bilməyəndə tarix müəllimi olursan, tarix müəllimi də ola bilməyəndə, başqa bir ixtisasa yönəlirsən, deyək ki, hansısa sosial işçi olursan. Niyə? Çünki balın, sosial iş ixtisasına çatır.
Belə peşə seçimi alqoritmi isə əmək bazarının tələblərinə uyğun gəlmir”.