Tələbələrin 72 faizi aldıqları biliklərin onları gələcəyə hazırlayacağına inanmır

18 Noyabr, 2026 - 13:06
Tələbələrin 72 faizi aldıqları biliklərin onları gələcəyə hazırlayacağına inanmır

"Beynəlxalq sorğunun nəticələrinə görə, tələbələrin 72 faizi təhsil müddətində öyrəndikləri biliklərin onları gələcəyə hazırlamaq üçün kifayət etməyəcəyini düşünür”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Gələcəyin Peşələri Sammiti” çərçivəsində keçirilən “Qlobal dəyişikliklərdən fərdi bacarıqlara” adlı panel sessiyada Kadir Has Universitetinin Karyera Ofisinin rəhbəri Umur Çalıkoğlu səsləndirib.

O, istinad etdiyi sorğunun nəticələrinə əsaslanaraq bildirib ki, ənənəvi təhsil metodlarının dəyişdirilməsinə ehtiyac olduğunu artıq tələbələrin özləri də qəbul edirlər:

“Təkcə akademiklər, iş dünyası, özəl sektor və dövlət qurumları deyil, tələbələrin özləri də ənənəvi təhsil metodlarının onları gələcəyə hazırlayacağına inanmırlar. Bu isə göstərir ki, gələcəyin peşələrinə hazırlaşmaq istəyiriksə, təhsil modellərini də dəyişməliyik”.

U.Çalıkoğlu qeyd edib ki, süni intellektin və texnologiyaların inkişafı ilə məlumatın əldə olunması imkanları genişlənib. Artıq müəllim bilik əldə etməyin yeganə mənbəyi deyil.

Onun sözlərinə görə, tələbələr dərsdənkənar vaxtlarda da müstəqil öyrənə, müxtəlif layihələr hazırlaya və öz bacarıqlarını inkişaf etdirə bilirlər.

“Artıq tələbənin yalnız müəllimi dinlədiyi ənənəvi model dəyişir. Tələbənin profili və öyrənmə üsulları yenilənir. Buna görə də universitetlər təhsil metodlarını yeni dövrün tələblərinə uyğunlaşdırmalıdırlar”, - deyə o vurğulayıb.