“Elə ali təhsilli məzunlarımız var ki, onların işə qəbul göstəricisi 30 faizdir” – Emin Əmrullayev
“Bizdə hələ də kompüter mühəndisliyi ixtisasına daxil olmusansa, mütləq yaxşı əməkhaqqı alacaqsan deyə bir gözlənti var bəlkə. Niyə? Çünki kompüter mühəndisliyini qurtarandan sonra kompüter mühəndisi işləyəcəyəm deyə çox bəsit bir gözlənti var. Amma insanları başa salmaq lazımdır ki, 200 bal toplayıb kompüter mühəndisliyinə qəbul olmusunuzsa, böyük ehtimalla sən kompüter mühəndisi işləməyəcəksən”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” panel müzakirəsində səsləndirib.
Nazir qeyd edib ki, bəzi sahələrdə ali təhsil mütləq tələb olunur: “Məsələn, biz mühəndislikdən danışırıqsa, mühəndis həmişə ali təhsilli olacaq. Yəni bizə mühəndis lazımdırsa, ali təhsilli olmalıdır. Amma elə sahələr var ki, orada ali təhsilli olmağa ehtiyac yoxdur. Məsələn, kənd təsərrüfatı, turizm, logistika kimi daha çox peşəyönümlü ixtisaslara ehtiyac var və onların əmək bazarındakı ödənişi heç də ali təhsilli şəxslərdən aşağı deyil”.
Nazirin sözlərinə görə, elə ali təhsil almış insan qrupu tapa bilərik ki, onlar iş tapmaqda çətinlik çəkir: “Bəzi peşə mərkəzinin məzunları demək olar ki, 100%-ə yaxın iş tapır, amma bizim elə ali təhsil məzunlarımız var ki, onların ən yaxşı halda işə qəbulu 30%-dir. Bunu cəmiyyətlə paylaşmaq lazımdır”.




