Tələbə dərsdən qaçırsa: Səbəb tənbəllikdir, yoxsa…?
Universitet auditoriyasında dərsdir, amma bəzi stullar boşdur. Niyə? Səbəb tələbənin tənbəlliyi, fənnə marağının olmaması, yoxsa dərsin özünün maraqsız keçməsi, gəncin gözləntilərinə cavab verməməsidir?
Bu gün tələbə istənilən məlumatı saniyələr içində internetdən tapa, mürəkkəb mövzunu video və digər rəqəmsal vasitələrlə öyrənə bilirsə, onu 90 dəqiqə auditoriyada saxlamaq üçün sadəcə mühazirə kifayət edirmi?
“Azərbaycan müəllimi” bu sualları təhsil mütəxəssisi Abdulla Xanayevlə müzakirə edib.
O da bu sualın bu gün təhsilimizin ən aktual və müzakirə olunan məsələlərindən biri olduğunu düşünür:
“Ali təhsili hər iki bucaqdan izləmə imkanı olan biri olaraq bu problemi həm idarəetmə masasında, həm də birbaşa auditoriya daxilində müşahidə etmək imkanım var. Gəlin etiraf edək ki, bu suala birmənalı olaraq "tələbə tənbəldir" və ya "müəllim yaxşı dərs keçmir" deyə cavab vermək əsl problemi görməzdən gəlməkdir. Məsələ daha dərindir və mən bunu üç əsas səbəblə izah edərdim.
Birincisi, gənclərin öyrənməyə marağının olmamasını iddia etmək haqsızlıq olar. Sadəcə olaraq, onların məlumatı qəbul etmə sürəti və forması dəyişib. Demək olar ki, yeni tələbələr rəqəmsal dünyanın içinə doğulublar və hər hansı bir mürəkkəb mövzunu onlayn platformalarda, qısa, vizual və maraqlı videolarla qısa müddətə öyrənməyə öyrəşiblər. Belə olan halda tələbə auditoriyaya gəlib eyni məlumatı 90 dəqiqə ərzində, köhnə metodlarla diktə edən müəllimdən dinləməyi sadəcə zaman itkisi hesab edir. Problem tələbənin tənbəlliyi deyil, ənənəvi tədris formatının gənclərin öyrənmə sürətindən geri qalmasıdır”.
O qeyd edib ki, ikinci məsələ bəzi fənlərin tələbə üçün maraqsız olması iddiası ola bilər:
“İnanıram ki, heç bir elm sahəsi özlüyündə darıxdırıcı deyil. Dərsi darıxdırıcı edən tədris metodudur. Əgər bir müəllim auditoriyaya sadəcə kitabdakı məlumatı oxuyub çatdırmaq üçün girirsə, o fənn tələbə üçün, əlbəttə, cansıxıcı olacaq. Çünki sırf informasiyanı bu gün internetdən daha sürətli tapmaq mümkündür. Müasir tələbənin universitet və müəllimdən gözləntisi fərqlidir. Tələbə istəyir ki, müəllim ona sadəcə nəzəriyyəni yox, eyni zamanda aldığı bu biliyi həyatda və işdə necə tətbiq edəcəyini göstərsin. Mühazirələr tələbənin passiv şəkildə hazır, şablon mətinləri dinlədiyi bir yer olmamalıdır. Əksinə, real problemlərin müzakirə edildiyi, tənqidi düşüncənin inkişaf etdirildiyi aktiv bir mühit olmalıdır. Biz müəllimlər artıq sadəcə "məlumat verən" yox, "yol göstərən mentor" olmalıyıq”.
Mütəxəssis vurğulayıb ki, digər məsələ isə tələbələrin məsələyə olduqca praqmatik, yəni praktik yanaşmasıdır:
“Müasir gənclər xərclədikləri zamanın gələcəkdə onlara nə qazandıracağını çox yaxşı hesablayırlar. Əgər tədris olunan mövzu müasir əmək bazarının tələblərindən uzaqdırsa və tələbəyə karyerası üçün real bir bacarıq vermirsə, o, dərsi əhəmiyyətsiz sayır. Dərsdən qaçan tələbə əksər hallarda boş oturmur. Həmin vaxtda ya işləyərək təcrübə toplayır, ya da özünə gərəkli bildiyi başqa müasir bacarıqları öyrənir. Tədris prossesinin maraqlı olması üçün isə tələbə dərsin onun gələcək inkişafına birbaşa təsirini görməlidir. Əlbəttə, bunu hamıya şamil etmək də düzgün deyil. Dərsdən yayınmaq üçün qaçan tələbələr də mövcuddur. Bu isə tələbənin, ümumiyyətlə, ali təhsilə maraq göstərməməsindən irəli gələ bilər.
Nəticə etibarilə, tələbələrin auditoriyadan uzaqlaşması əslində təhsil sisteminə verilən səssiz bir siqnaldır. Biz tərəfləri günahlandırmaqdan əl çəkib, auditoriyalarımızın fəlsəfəsini dəyişməliyik. Ali məktəblər sadəcə gəlib-getmək məcburiyyəti olan bir yer yox, verilən məlumatın təcrübəyə çevrildiyi, səhv etməkdən qorxulmayan dinamik bir ideya mərkəzi olmalıdır. Biz bu dəyişikliyə uyğunlaşdığımız və tədrisi tələbənin anladığı dildə qurduğumuz gün o auditoriyaların yenidən necə həvəslə dolduğunun şahidi olacağıq”.




