Məktəblərin maliyyələşməsində şəffaflıq artırılacaq – Deputat

28 Sentyabr, 2026 - 11:46
Məktəblərin maliyyələşməsində şəffaflıq artırılacaq

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, 2026–2027-ci tədris ilindən dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsində mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi nəzərdə tutulur. Yeni mexanizmlə bağlı əsas məsələlər təhsilə ayrılan dövlət vəsaitlərinin bölgüsü, məktəblərin maliyyə ehtiyaclarının nəzərə alınması və bu modelin ümumi təhsil sisteminə uzunmüddətli iqtisadi təsirləri ilə bağlıdır.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, yeni mexanizmin tətbiqi maliyyə vəsaitlərinin şagird sayı və təhsil səviyyəsinə uyğun olaraq daha səmərəli və bərabər paylanmasına imkan verəcək.

Onun sözlərinə görə, adambaşına maliyyələşdirmə modelinin tətbiqi dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin idarə olunmasında şəffaflığı, hesabatlılığı və rəqabəti artırmaqla resurslardan daha səmərəli istifadə üçün geniş imkanlar yaradır:

“Bu model çərçivəsində vəsait təhsil müəssisəsinə birbaşa orada təhsil alan şagird və ya tələbələrin sayına proporsional olaraq ayrılır. Əvvəlki modeldən, yəni müəssisənin saxlanılması xərclərinə əsaslanan maliyyələşdirmədən fərqli olaraq, burada büdcə vəsaitlərinin hara və necə xərcləndiyi daha aydın olur. Vəsait birbaşa şagirdlərin sayına bağlandığı üçün büdcə planlaması daha dəqiq və şəffaf şəkildə idarə ediləcək”.

Deputat qeyd edib ki, yeni model məktəblərin inkişafı üçün də əlavə stimul yarada bilər:

“Bu qərarın müsbət tərəflərindən biri də odur ki, məktəblər daha çox şagird cəlb etmək üçün təhsilin keyfiyyətini, infrastrukturunu və idarəetməsini təkmilləşdirməyə məcbur olurlar. Çünki daha çox şagird təhsil müəssisəsi üçün daha çox büdcə və inkişaf imkanı deməkdir”.