ADNSU–Vorvik Universiteti ikili diplom proqramının mövcud vəziyyəti müzakirə olunub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbərliyi ilə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, İkili Diplom Proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin mütəxəssisi Arzu Gülməmmədova, eləcə də ADNSU-dan aidiyyəti nümayəndələr iştirak ediblər.
Görüş zamanı ADNSU-nun dövlət proqramı çərçivəsində həyata keçirdiyi ADNSU–Vorvik Universiteti İkili Diplom Proqramının mövcud vəziyyəti qiymətləndirilib, proqramın inkişaf perspektivləri və qarşıda duran vəzifələr müzakirə olunub.
ADNSU–Vorvik İkili Diplom Proqramının cari fəaliyyəti barədə təqdimat proqram rəhbəri Mahmud İsmayılov tərəfindən ətraflı şəkildə təqdim edilib. Təqdimat çərçivəsində proqramın əldə etdiyi nəticələr, akademik göstəriciləri və inkişaf istiqamətləri, eləcə də təhlil edilməli digər sahələr barədə məlumat verilib.
Daha sonra audit hesabatında qeyd olunan planlaşdırma, proqnozlaşdırma və maliyyə göstəriciləri ilə bağlı məsələlər, eləcə də layihə üzrə müqavilə münasibətləri və proqramın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




