ADPU-da "Məzun günü" keçirilib
İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” keçirilib. Mərasimdə universitet rəhbərliyi, struktur rəhbərləri, məzunlar və onların ailə üzvləri iştirak ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, rəsmi hissədə giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məzunları təbrik edərək vurğulayıb ki, dövrümüzdə müəllim yalnız bilik ötürən deyil, öyrənən, yenilənən, texnologiyalarla ayaqlaşan şəxsdir. Bu yolun əsas dayaqları kimi milli dəyərlərə sadiqlik, peşə səriştəsi, daim yenilənən bilik və bacarıqlar, rəqəmsal və dil kompetensiyaları ön plana çıxır. Rektor qeyd edib ki, Pedaqoji Universitet müasir təhsilin tələblərini nəzərə alaraq bu yöndə davamlı işlər aparır, mövcud ixtisaslaşmaların təkmilləşdirilməsini həyata keçirir. Bilidirilib ki, ADPU beynəlxalq ali təhsil məkanında mövqeyini daha da möhkəmləndirir. Dünyanın nüfuzlu universitet reytinqlərində yer almağımız, beynəlxalq əməkdaşlıq şəbəkəmizin genişlənməsi və elmi fəaliyyət sahəsində əldə olunan nailiyyətlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının göstəricisidir. C.Cəfərov bildirib ki, bu il ADPU və onun filalları üzrə 3300-dən çox bakalavr, 450-dək magistrant, Pedaqoji Kollec üzrə 1000-dən çox subbakalvr daxil olmaqla ümumilikdə 5000-ə yaxın təhsilalanın məzun olması gözlənilir.
Çıxış edən Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də gənc müəllimləri təbrik edərək, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb, cəmiyyətimizin gələcəyinin onların fədakar fəaliyyəti ilə üzvi surətdə bağlı olduğunu diqqətə çatdırıb.
Sonra universitetdə təhsil aldığı müddət ərzində yüksək akademik göstəriciləri və ictimai fəaliyyəti ilə fərqlənən bir qrup məzun Fəxri Fərmanla təltif olunub.
Bədii hissədə gənclərin sevimlisi olan müğənnillər – Mərdan Kazımov, Elçin Cəfərov və “Ayna Band” qrupunun ifaları “Məzun Günü”nə xüsusi rəng qatıb.




