ADPU-da tanınmış alimin yubileyi qeyd olunub
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor Rüfət Lətif oğlu Hüseynzadənin 75 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərovun təbriki dinlənilib sonra Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov yubilyar haqqında geniş məruzə edib. Daha sonra ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, ADPU-nun Həmkarlar İttifaqının sədri dosent Vaqif Əliyev və başqaları yubilyara təbriklərini çatdırıblar. Sonra R.Hüseynzadə Universitet Rektorluğunun və Həmkarlar İttifaqının “Fəxri Fərman”ı ilə təltif edilib.
Yubiley tədbirində diqqətə çatdırılıb ki, professor Rüfət Hüseynzadənin zəngin pedaqoji fəaliyyəti təkcə auditoriya mühazirələri ilə məhdudlaşmır; o, həm də çoxşaxəli elmi yaradıcılığı, fundamental dərslikləri və milli maarifçilik tariximizə işıq tutan araşdırmaları ilə Azərbaycan pedaqogika elminin inkişafına töhfə verib. Alim, ali məktəb tələbələri üçün fundamental dərsliklərin müəllifidir. Onun iki cildlik “Pedaqogika” (2013) dərsliyi, həmçinin bakalavr səviyyəsi üçün hazırladığı eyniadlı nəşrlər (2022) pedaqoji kadr hazırlığında əsas mənbələrdən sayılır. Bununla yanaşı, o, rusdilli tələbələr üçün də “Педагогика” (2015) dərsliyini hazırlayaraq elmi bazanı genişləndirmişdir. “Ailə pedaqogikası” (2016) və “Tərbiyə işi və onun metodikası” (2012) kimi vəsaitləri isə tərbiyə prosesinin nəzəri və praktiki tərəflərini elmi şəkildə izah edir. R.L.Hüseynzadənin yaradıcılığında milli təhsil tariximizin tədqiqi xüsusi yer tutur. Onun “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (2021) və “Şərqdə məktəb və pedaqoji fikir” (2026) kimi əsərləri bu sahədəki boşluqları doldurur. Xüsusilə, “Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir” monoqrafiyası tarixi irsimizin dərindən öyrənilməsi baxımından əvəzsizdir. Alim həmçinin Məhəmməd Tağı Sidqi, M.Ə. Sabir və Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları haqqında yazdığı məqalələrlə maarifçilik tariximizi yeni məlumatlarla zənginləşdirmişdir. Professor müəllim hazırlığının modernləşdirilməsi və pedaqoji prosesin təşkili sahəsində silsilə metodik əsərlər ərsəyə gətirmişdir. “Pedaqoji prosesdə situasiyalar, metodlar, öyüd və nəsihətlərdən istifadə” (2022) adlı 532 səhifəlik fundamental vəsaiti, habelə “Yer üzünün ən şərəfli peşəsi – müəllimlik” (2026) kitabı müəllimlər üçün praktiki rəhbər rolunu oynayır. Onun Türkiyədə işıq üzü görmüş “Sevə bilmək” (2026) və “Öğretmen-öğrenci ilişkileri” (1998) əsərləri pedaqoji münasibətlərin humanitar və psixoloji tərəflərini ön plana çıxarır. R.L.Hüseynzadə təhsilin həm bakalavr, həm də magistratura pillələri üçün 15-dən çox fənn proqramının müəllifidir. Bura “Ali məktəb pedaqogikası”, “Sosial işdə tədqiqat metodları”, “Pedaqogikanın tarixi və metodologiyası” kimi müasir dövrün tələblərinə cavab verən proqramlar daxildir. Alim müxtəlif illərdə nüfuzlu jurnallarda dərc olunmuş məqalələrində Heydər Əliyev fenomenindən distant təhsilin imkanlarına qədər geniş bir spektri əhatə edən mövzulardan bahs edib. O, “Oğuznamələr”in pedaqoji əhəmiyyətini, Mövlana Cəlaləddin Rumi və Bəktaşiliyin mənəviyyat dünyasını tədqiq etməklə pedaqogikanı milli-mənəvi dəyərlərlə vəhdətdə təqdim etmişdir. Göründüyü kimi, professor Rüfət Hüseynzadənin yaradıcılığı təkcə keçmişin öyrənilməsinə deyil, həm də gələcəyin müəllim kadrlarının ən müasir standartlar səviyyəsində hazırlanmasına xidmət edir. Rüfət Hüseynzadəni 75 illik yubileyini təbrik edir, ona cansalığı və işlərində uğurlar arzulayırıq.
Fəridə Xudiyeva,
ADPU-nun Ümumi Pedaqogika kafedrasınn müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent



