AGMA sədri: “Layihə çərçivəsində nəticələr vahid müzakirə müstəvisində təqdim edildi”

24 Sentyabr, 2026 - 12:18
AGMA sədri: “Layihə çərçivəsində nəticələr vahid müzakirə müstəvisində təqdim edildi”

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası” adlı layihəyə yekun vurulub.

Layihə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində icra olunub. 

Layihənin əsas məqsədi strateji düşünən, düzgün və effektiv qərarlar verə bilən, eyni zamanda komandaya motivasiya verə bilən gələcəyin təhsil liderlərini inkişaf etdirmək, onların bacarıqlarının artırılmasını və davamlı inkişafını təmin etməkdir.

"Azərbaycan müəllimi"nə açıqlama verən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova vurğulayıb ki, layihənin yekunu olaraq “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı baş tutub.

“Konfransı keçirərkən əsas məqsədimiz yeni tədris ilinin yalnız təşkilati baxımdan başlanmasını deyil, məktəblərdə bu başlanğıcın metodiki, pedaqoji və idarəetmə baxımından da düşünülmüş və keyfiyyətli şəkildə qurulmasını dəstəkləmək idi. Hesab edirəm ki, yeni tədris ilinin ilk günləri qarşıdakı tədris prosesinin istiqamətini müəyyənləşdirmək, prioritetləri dəqiqləşdirmək və məktəbdə keyfiyyətli öyrənmə mühitinin formalaşdırılması üçün mühüm imkan yaradır.

Biz bir əsas məqamı önə çıxarmağa çalışdıq: keyfiyyətli başlanğıc yalnız məktəbin yeni tədris ilinə hazır olması ilə məhdudlaşmır. Burada müəllimin dərsi necə planlaşdırdığı, şagirdin öyrənmə nəticələrinin necə izlənildiyi, əldə olunan məlumatların növbəti pedaqoji qərarlara necə çevrildiyi, dərsin keyfiyyətinin necə müşahidə və təhlil edildiyi, məktəbdə müəllimin inkişafına hansı dəstəyin göstərildiyi kimi məsələlər bütöv bir sistem təşkil edir.

Əsas müzakirə istiqamətlərindən biri öyrənməni dəstəkləyən qiymətləndirmə oldu. Bu mövzunu xüsusi əhəmiyyətli hesab edirəm. Çünki qiymətləndirmənin əsas dəyəri yalnız şagirdin hansı nəticəni göstərdiyini müəyyənləşdirməkdən ibarət deyil. Əsas məsələ həmin nəticədən istifadə edərək şagirdin inkişaf ehtiyaclarını görmək və növbəti təlim addımlarını düzgün müəyyənləşdirməkdir. Başqa sözlə, qiymətləndirmə müəllim üçün qərarvermə vasitəsinə çevrilməlidir. Şagirdin nəticələri təhlil olunduqca müəllim hansı bacarığın formalaşdığını, hansı bacarığın əlavə dəstəyə ehtiyac duyduğunu daha aydın görə bilir.

Bu baxımdan məlumatdan istifadə məsələsi də xüsusi diqqət tələb edir. Məktəbdə müxtəlif qiymətləndirmələr nəticəsində kifayət qədər məlumat formalaşır. Əsas məsələ həmin məlumatın sadəcə qeydə alınması yox, tədrisin təkmilləşdirilməsi üçün istifadə olunmasıdır. Müəllim nəticələrə baxaraq növbəti dərsin məzmununu, tapşırıqların səviyyəsini, fərdi və qrup işlərini, dəstək mexanizmlərini yenidən nəzərdən keçirə bilər. Belə yanaşma qiymətləndirməni öyrənmə prosesinin ayrılmaz hissəsinə çevirir".

AGMA sədri qeyd edib ki, digər mühüm istiqamət dərsdinləmə – tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı məsələsi olub. O, dərsdinləməyə yalnız nəzarət mexanizmi kimi yanaşmağın müasir məktəb mühiti üçün kifayət qədər məzmunlu yanaşma yaratmadığını bildirib. "Dərsdinləmənin əsas məqsədlərindən biri tədris prosesini daha dərindən görmək, müəllimin güclü tərəflərini müəyyənləşdirmək, inkişaf ehtiyaclarını üzə çıxarmaq və bu müşahidəni peşəkar inkişaf üçün imkan kimi istifadə etməkdir.Burada məktəb rəhbərliyinin və metodiki dəstəyin rolu da xüsusi əhəmiyyət daşıyır. Müəllim dərsdə müşahidə olunarkən əsas məqsəd onun fəaliyyətini qiymətləndirməkdən daha çox, tədrisin keyfiyyətinə birlikdə baxmaq, şagirdlərin öyrənmə prosesini təhlil etmək və daha effektiv yanaşmalar üzərində düşünmək olmalıdır. Belə yanaşma məktəbdə əməkdaşlığa əsaslanan peşəkar mədəniyyətin formalaşmasına da xidmət edir".

P.Qədimova əlavə edib ki, vacib olan başqa bir məqam da müəllimin rolunun dəyişən məzmunudur. "Müəllim yalnız bilik ötürən şəxs kimi çıxış etmir. O, şagirdin düşünməsinə, araşdırmasına, sual verməsinə, öz öyrənməsini dərk etməsinə və əldə etdiyi bilikləri tətbiq etməsinə şərait yaradan təlim mühiti formalaşdırır. Bu baxımdan fəndən bacarığa keçid həm tədris məzmununa, həm tapşırıqların hazırlanmasına, həm qiymətləndirməyə, həm də dərsin təşkilinə təsir göstərir. Qiymətləndirmə nəticələri müəllimə şagirdin hansı bacarıqlara ehtiyac duyduğunu göstərir, dərsdinləmə tədris prosesini müşahidə və təhlil etməyə imkan verir, fəndən bacarığa yanaşması isə bütün bu proseslərin son nəticədə şagirdin real öyrənmə və tətbiqetmə imkanlarının inkişafına xidmət etməsini tələb edir”. 

Konfransın Elm və Təhsil Nazirliyinin keçirdiyi qrant müsabiqəsinin qalibi olan “Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərin yekunu kimi təqdim olunduğunu önə çəkən AGMA sədri qeyd edib ki, layihə boyunca məktəb rəhbərlərinin və təhsil idarəçilərinin peşəkar inkişafına, müasir idarəetmə yanaşmalarının mənimsənilməsinə, məktəbdaxili proseslərin daha sistemli qurulmasına və liderlik bacarıqlarının gücləndirilməsinə yönəlmiş fəaliyyətlər həyata keçirilib.

 "“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı layihə çərçivəsində formalaşan təcrübə və yanaşmaların daha geniş təhsil ictimaiyyəti ilə paylaşılması, məktəb rəhbərləri və müəllimlər arasında peşəkar dialoqun genişləndirilməsi baxımından yekun platforma rolunu oynadı. Beləliklə, layihə çərçivəsində əldə olunan nəticələr yeni tədris ilinin başlanğıcı ilə bağlı aktual metodiki, pedaqoji və idarəetmə məsələləri ilə əlaqələndirilərək vahid müzakirə müstəvisində təqdim edildi".