Ali məktəblər innovasiya və tədqiqat proseslərinin əsas mərkəzləridir - Dövlətxan Dövlətxanov
“İnsan kapitalının formalaşması prosesi ümumilikdə davamlı bir prosesdir və bu proses iqlim dəyişiklikləri ilə mübarizə sahəsində fəaliyyət göstərə bilən şəhərsalma mütəxəssislərinin hazırlanmasını, davamlılıq prinsiplərini şəhər dizaynına inteqrasiya edə bilən memarların yetişdirilməsini, rəqəmsal idarəetmə və ağıllı şəhər sistemləri üzrə ixtisaslaşmış mütəxəssislərin formalaşdırılmasını, həmçinin getdikcə mürəkkəbləşən şəhər proseslərini tədqiq və idarə edə bilən insan resurslarının inkişaf etdirilməsini əhatə edir”.
“Azərbaycan müəllim” xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” beynəlxalq konfransında səsləndirib.
Onun sözlərinə görə, bu baxımdan universitetlərin və tədqiqat institutlarının rolu əhəmiyyətlidir: “Ali təhsil müəssisələri yalnız akademik təhsil verən qurumlar deyil, onlar eyni zamanda müvafiq siyasətin hazırlanması, innovasiya və tədqiqat proseslərinin əsas mərkəzləridir. Bu kontekstdə dövlət qurumları ilə akademik dairələr arasında əməkdaşlıq dayanıqlı şəhər idarəçiliyi sistemlərinin qurulması üçün mühüm əhəmiyyət daşıyır”.
D.Dövlətxanov vurğulayıb ki, Azərbaycan üçün də bu müzakirələr xüsusi aktuallıq kəsb edir. O bildirib ki, son 10 il ərzində Azərbaycan demoqrafik və iqtisadi artım, infrastrukturun inkişafı və ərazi planlaşdırılması islahatları ilə bağlı mühüm şəhər transformasiyası proseslərindən keçib.



