Ali məktəb prorektorları üçün I təlim proqramı yekunlaşıb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Basqalda ali təhsil müəssisələrinin prorektorları üçün ilk dəfə keçirilən üçgünlük təlim proqramı yekunlaşıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim proqramı çərçivəsində idarəetmə, tədrisin təşkili və keyfiyyət təminatı, elmi fəaliyyət və əməkdaşlıq, hüquqi məsələlər, eləcə də ali təhsilin beynəlmiləlləşməsi istiqamətləri üzrə sessiyalar təşkil olunub.
Sessiyalarda milli və beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi, institusional mexanizmlərin formalaşdırılması, fəaliyyətlərin milli prioritetlərlə uzlaşdırılması, ali təhsildə beynəlmiləlləşmə strategiyalarının tətbiqi, universitetlərin beynəlxalq əlaqələrinin genişləndirilməsi, tərəfdaşlıq mexanizmləri, mübadilə proqramları və ikili diplom imkanları, həmçinin xarici tələbə və müəllimlərin cəlbi məsələləri müzakirə olunub.
Eyni zamanda, ali təhsil sistemində prorektorlar institutunun gücləndirilməsi və onların strateji idarəetmədə rolu məsələlərinə də xüsusi diqqət yetirilib.
Təlim çərçivəsində ali təhsil müəssisələrində təhsil prosesinin idarə olunmasının hüquqi aspektlərinə dair sessiya keçirilib, rəhbər vəzifəli şəxslər arasında təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq və şəbəkələşmə imkanları ətrafında fikir mübadiləsi olub.
Təlim proqramının bağlanış mərasimində çıxış edən Agentliyin direktoru Ülkər Səttarova ali təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, elmi fəaliyyətin gücləndirilməsi və beynəlmiləlləşmə istiqamətində sistemli fəaliyyətin əhəmiyyətini vurğulayıb, əldə olunan bilik və bacarıqların praktiki fəaliyyətdə tətbiqinin vacibliyini qeyd edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, üç gün davam edən təlim proqramında ölkənin 7 regionunu təmsil edən 19 ali təhsil müəssisəsi və 4 orta ixtisas təhsili müəssisəsindən ümumilikdə 23 rəhbər vəzifəli şəxs iştirak edib.



