“Alma Labs” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi keçirilib
İsrailin “Alma Labs” şirkəti ilə əməkdaşlıq süni intellekt əsaslı tədris platformasının pilot tətbiqini nəzərdə tutan “Alma Labs” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin pilot mərhələsi Bakının 220 və 23 nömrəli məktəblərində iyulun 14-də başlayıb, dünən yekunlaşdırılıb.
Layihənin bağlanış mərasimi Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə baş tutub.
Tədbirdə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu süni intellektin tədrisdə tətbiqinin əhəmiyyətindən danışıb. O bildirib ki, layihə süni intellekt əsaslı platformanın tədris prosesində tətbiqinin effektivliyini qiymətləndirməyə imkan verir.
Qeyd edək ki, “Alma Labs” layihəsi çərçivəsində İsrailin “Alma Labs” şirkəti ilə əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris platformasının pilot tətbiqinin həyata keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi 2026–2027-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrində tətbiqi planlaşdırılan süni intellekt əsaslı tədris modelinin ilkin sınaqlarının aparılması, platformanın funksionallığının qiymətləndirilməsi, müəllim və şagirdlərin platformadan istifadəyə hazırlığının artırılması, həmçinin platforma üzərindən tədris simulyasiyalarının həyata keçirilməsidir.
Pilot mərhələnin tərkib hissəsi olaraq təşkil edilən yay məktəbi çərçivəsində platformanın real tədris mühitində sınaqdan keçirilməsi, istifadəçi təcrübəsinin öyrənilməsi və tətbiq zamanı yarana biləcək ehtiyacların müəyyənləşdirilməsi hədəflənib.
Pilot layihənin ilkin mərhələsinə Bakı şəhəri 220 nömrəli və 23 nömrəli tam orta məktəblər cəlb edilib. Layihədə ümumilikdə 80 nəfər şagird, 9 nəfər ingilis dili və informatika müəllimi iştirak edib.
Pilot iştirakçıları platformanın funksiyalarının sınaqdan keçirilməsi və yay məktəbi çərçivəsində keçiriləcək simulyasiya əsaslı fəaliyyətlərdə iştirak etmək məqsədilə seçilib.




