Almaniyada magistratura təhsili üçün təqaüd proqramı elan edilib
Alman Akademik Mübadilə Xidməti (DAAD) 2026-cı il üzrə STEM Təqaüd Proqramına müraciətlərin qəbulunu elan edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, proqram inkişaf etməkdə olan ölkələrin uğurlu tələbələrinə Almaniyada magistratura təhsilini tam maliyyələşdirilmiş şəkildə davam etdirmək imkanı yaradır.
Təqaüd proqramı elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində təhsil almaq istəyən məzunlara dəstək göstərmək məqsədi daşıyır.
Proqram çərçivəsində aşağıdakı ixtisas istiqamətləri üzrə magistratura təhsili maliyyələşdiriləcək:
– Riyaziyyat;
– Kompüter elmləri;
– Təbiət elmləri;
– Mühəndislik.
STEM yönümlü fənlərarası proqramlara müraciət edən namizədlər də seçim prosesində iştirak edə bilərlər.
Təqaüd yalnız 2026/2027-ci tədris ilinin qış semestrində başlayan proqramlar üçün nəzərdə tutulub. Təhsil proqramı Almaniyada dövlət və ya dövlət tərəfindən tanınan ali təhsil müəssisəsində əyani formada həyata keçirilməli və ödənişsiz olmalıdır.
Müraciət etmək istəyən şəxslər Almaniyada tanınan bakalavr dərəcəsinə malik olmalı, seçdikləri magistr proqramının qəbul tələblərinə cavab verməli və yüksək akademik göstəricilər nümayiş etdirməlidirlər. Müraciət tarixində artıq magistr dərəcəsinə sahib olan şəxslər proqramda iştirak edə bilməyəcəklər.
DAAD vurğulayır ki, təqaüd alan tələbələr beynəlxalq səviyyədə tanınan universitetlərdə təhsil almaq, qabaqcıl tədqiqat mühitində çalışmaq və qlobal peşəkar şəbəkələrə qoşulmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, proqram Almaniyada artıq magistratura təhsilinə başlamış şəxsləri və təhsil müddətində digər ölkələrdə inteqrasiya olunmuş təhsil mərhələləri nəzərdə tutan proqramları əhatə etmir.


