Asiman İlyasov: Akademik dürüstlüyün pozulması elmin nüfuzunu aşağı salır
Yaşadığımız müasir dövrdə elmin sürətli inkişafı, informasiya axınının artması və rəqəmsal resurslara asan çıxış akademik fəaliyyət üçün geniş imkanlar yaratmaqla yanaşı, bir sıra etik problemləri də gündəmə gətirməkdədir. Və bu problemlər arasında akademik dürüstlük məsələsi xüsusi yer tutur. Belə ki, akademik dürüstlük elmi araşdırmaların obyektivliyini, etibarlılığını və şəffaflığını təmin edən əsas prinsiplərdən biridir və elmi fəaliyyətlə məşğul olan hər bir şəxsin - istər bakalavrın, magistrantın, istərsə də doktorant və tədqiqatçının məsuliyyətini müəyyənləşdirən əsas amillərdəndir.
Akademik dürüstlüyün əsas komponentlərindən biri isə təbii ki, istinad mədəniyyətidir. İstinad mədəniyyəti tədqiqat zamanı istifadə olunan bütün mənbələrin- kitabların, elmi məqalələrin, dissertasiyaların, arxiv materiallarının və elektron resursların düzgün və tam şəkildə göstərilməsini nəzərdə tutur. Bu, yalnız hüquqi və etik tələbin yerinə yetirilməsi deyil, eyni zamanda elmi ənənənin davamlılığını təmin edən mühüm mexanizmdir. Çünki elm fərdi fəaliyyət deyil, əvvəlki biliklər üzərində qurulan kollektiv intellektual prosesdir.
İstinad qaydalarına riayət etmək tədqiqatçının elmi məsuliyyətinin, intellektual dürüstlüyünün göstəricisidir
Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin rektorunun müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Asiman İlyasov “Azərbaycan müəllimi”nə bildirib ki, akademik dürüstlük təhsil və elmi fəaliyyətin bütün mərhələlərində doğruluq, şəffaflıq, məsuliyyət və ədalət prinsiplərinə sadiqliyi ifadə edən fundamental etik dəyərdir. Bu anlayış tələbələrin, müəllimlərin və tədqiqatçıların biliklərin əldə edilməsi, yaradılması, istifadəsi və yayılması prosesində vicdanlı davranmasını, intellektual mülkiyyət hüquqlarına hörmət göstərməsini, elmi nəticələrin qəsdən təhrif edilməsindən, saxtalaşdırılmasından və plagiatdan çəkinməsini nəzərdə tutur.
Alimin sözlərinə görə, akademik dürüstlük elmi tədqiqatların keyfiyyətinin, etibarlılığının və obyektivliyinin təmin edilməsində mühüm rol oynayır: “Bu prinsip akademik mühitdə qarşılıqlı etimadın formalaşmasına, akademik azadlığın məsuliyyət çərçivəsində həyata keçirilməsinə və bilik istehsalının və yayılmasının beynəlxalq standartlara uyğun şəkildə aparılmasına zəmin yaradır. Eyni zamanda, akademik dürüstlük yalnız normativ qaydalar və inzibati tələblər toplusu deyil, ali təhsilin və elmin dayanıqlı inkişafını təmin edən əsas mədəniyyət və dəyər sistemidir”.
Müşavir söyləyir ki, istinad qaydalarına riayət etmək tədqiqatçının elmi məsuliyyətini, intellektual dürüstlüyünü və akademik ənənəyə bağlılığını əks etdirən mühüm göstəricidir. Elmi mətnlərdə mənbələrin dəqiq və şəffaf göstərilməsi, əslində, müəllifin öz elmi mövqeyini düzgün müəyyənləşdirdiyini və mövcud elmi irsə hörmətlə yanaşdığını ortaya qoyur.
Akademik dürüstlük prinsiplərinin pozulması...
Asiman İlyasov qeyd edir ki, akademik dürüstlüyün əsas prinsiplərinə köçürmə hallarından qaçmaq, istifadə olunan mənbələri düzgün və tam şəkildə istinad etmək, məlumatları uydurmamaq və saxtalaşdırmamaq, həmçinin öz müstəqil və tənqidi düşüncəyə əsaslanan fikirlərini təqdim etmək daxildir: “Bu prinsiplərə riayət edilməsi tələbələrin və tədqiqatçıların intellektual bacarıqlarının inkişafına, analitik düşünmə qabiliyyətinin formalaşmasına və peşəkar məsuliyyət hissinin güclənməsinə xidmət edir. Eyni zamanda, akademik dürüstlük elmi nəticələrin obyektivliyini və etibarlılığını təmin edərək elmi biliklərin davamlı inkişafına şərait yaradır. Dürüst akademik mühitdə əldə olunan nəticələr cəmiyyət, elmi ictimaiyyət və qərarvericilər üçün daha etibarlı və dəyərli hesab olunur. Əksinə, dürüstlük prinsiplərinin pozulması akademik mühitdə etimadın zəifləməsinə, elmi fəaliyyətin nüfuzunun aşağı düşməsinə və biliklərin real dəyərinin itirilməsinə səbəb olur. Bu cür hallar yalnız fərdi akademik karyeraya zərər vurmaqla kifayətlənmir, həm də təhsil müəssisəsinin və bütövlükdə elmi sistemin reputasiyasına mənfi təsir göstərir”.
Tədqiqatda akademik dürüstlük elmi biliklərin istehsalı, yayılması və tətbiqi prosesində etik prinsiplərə riayət olunmasını təmin edən fundamental mexanizm kimi qiymətləndirilir.
Beynəlxalq təcrübədə bu necədir?
Həmsöhbətimiz beynəlxalq elmi mühitin bu sahədəki təcrübəsinə də diqqət çəkib. O bildirib ki, beynəlxalq elmi mühitdə akademik dürüstlük və istinad mədəniyyəti elmi fəaliyyətin dəyişməz və fundamental prinsipi kimi qəbul olunur. Dünyanın aparıcı universitetlərində, tədqiqat mərkəzlərində və nüfuzlu elmi jurnallarında istinad qaydalarına əməl edilməsi yalnız tövsiyə xarakteri daşımır, bu, məcburi etik norma və institusional tələb kimi tətbiq olunur. Elmi işin keyfiyyəti, onun qəbul edilməsi və nəşri birbaşa olaraq mənbələrin düzgün göstərilməsi ilə əlaqələndirilir.
Onun sözlərinə görə, xarici ölkələrin ali təhsil və tədqiqat sistemləri üzrə aparılan müqayisəli araşdırmalar göstərir ki, akademik dürüstlüyün institusional səviyyədə təmin edilməsi elmi fəaliyyətin keyfiyyətinə və beynəlxalq tanınmasına mühüm təsir göstərir: “Çünki aparılan tədqiqatlar akademik dürüstlüyün yalnız fərdi tədqiqatçı məsuliyyəti deyil, həm də sistemli idarəetmə məsələsi olduğunu nümayiş etdirir. Belə ki, ABŞ və Böyük Britaniya kimi ölkələrdə tədqiqatda akademik dürüstlük universitetlərin və tədqiqat institutlarının tədqiqat siyasətlərinin ayrılmaz tərkib hissəsi kimi formalaşdırılıb. ABŞ-də universitetlərdə və tədqiqat institutlarında tətbiq olunan etik tədqiqat kodeksləri və mexanizmləri tədqiqatçıların elmi məlumatların toplanması, təhlili və təqdimatı zamanı məsuliyyətli davranışını təşviq edir və bu yanaşma tədqiqat nəticələrinin saxtalaşdırılması, məlumatların uydurulması və plagiat hallarının azalmasına səbəb olur.
Böyük Britaniyada isə akademik dürüstlük tədqiqat fəaliyyətinin bütün mərhələlərində “Research Integrity Framework” çərçivəsində sistemli şəkildə tənzimlənir. Bu çərçivə tədqiqatçıların etik davranış standartlarını müəyyən edir, elmi fəaliyyətin keyfiyyət və şəffaflıq prinsiplərinə uyğun aparılmasını təmin edir. Akademik pozuntuların araşdırılması və qiymətləndirilməsi üçün müstəqil etik komitələr fəaliyyət göstərir ki, bu da tədqiqat prosesində obyektivliyi və institusional hesabatlılığı gücləndirir. Belə yanaşma, həm fərdi tədqiqatçıların məsuliyyətini, həm də institusional mexanizmlərin rolunu vurğulayaraq, akademik icmanın etibarlılığının və elmi reputasiyasının qorunmasına xidmət edir”.
Bu həm də elmin etibarlılığı və davamlı inkişafı üçün zəruridir
Asiman İlyasov onu da bildirir, akademik dürüstlüyün akademik və tədqiqat fəaliyyətində effektiv təminatı yalnız fərdi təşəbbüslərlə məhdudlaşmır, eyni zamanda normativ-hüquqi sənədlər, etik nəzarət mexanizmləri, müasir texnoloji vasitələr və davamlı maarifləndirmə proqramlarının inteqrasiya olunmuş tətbiqi ilə mümkündür. Akademik dürüstlük və istinad mədəniyyəti yalnız elmi uğur üçün deyil, həm də elmin etibarlılığı və davamlı inkişafı üçün zəruridir.
Alim onu da qeyd edir ki, eyni zamanda, akademik dürüstlük və etik davranış haqqında seminarlar və təlimlər təşkil etmək, gənc tədqiqatçılarda istinad mədəniyyətinin və elmi etik davranışın inkişafına töhfə verə bilər. Belə sistemli yanaşma tədqiqat prosesində şəffaflığı və hesabatlılığı gücləndirməklə yanaşı, elmi fəaliyyətin keyfiyyətini yüksəldir, əldə olunan nəticələrin beynəlxalq səviyyədə etibarlılığını təmin və elmi icmanın etibarını möhkəmləndirən əsas faktor kimi çıxış edir.



