Alimlərimiz Altsheymerə qarşı dərman maddəsi hazırlayıblar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu və Türkiyənin Atatürk və Bartin və digər universitetlərinin bir qrup aparıcı alimləri Altsheymer xəstəliyinə qarşı yeni terapevtik yanaşma kimi güclü xolinesteraza inhibitorlarının yaradılması istiqamətində tədqiqatlar aparıblar.
İnstitutdan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, onlar potensial inhibitorlar kimi aminspirtlərin yeni N-əvəzli tiourea törəmələrini alıblar və onların potensial asetilxolinesteraza (AChE) və butirilxolinesteraza (BChE) inhibitorları kimi təsirlərini sistematik şəkildə qiymətləndirmişlər. Bu birləşmələr üzrə in vitro ferment inhibisiya tədqiqatları göstərmişdir ki, bütün törəmələr nanomolyar səviyyədə əhəmiyyətli xolinesteraza inhibitor aktivliyi nümayiş etdirir.
Kimyaçı alimlər təcrübi nəticələri əsaslandırmaq üçün AChE və BChE üzərində struktur əsaslı molekulyar dokinq tədqiqatları aparmışlar. Dokinq nəticələri in vitro məlumatları ilə güclü uyğunluq təşkil etdiyi məlum olub. Quruluş-xassə əlaqəsinin təhlili göstərmişdir ki, elektrodonor N-əvəzediciləri və və molekulda aminospirt-tiourea qurluşu inhibitor potensialının artırılmasında əhəmiyyətli rol oynayır.
Ümumilikdə, bir-biri ilə əlaqələndirilmiş eksperimental və kompüter kimyəvi hesablama nəticələri yeni sintez olunan birləşmələrin perspektivli ikili AChE/BChE inhibitoru olduğunu təsdiq etmiş və bu araşdırmanın nəticələrində məlum olmuşdur ki, aminspirt əsaslı N-əvəzli tioureaların Alzheimer xəstəliyinə qarşı potensial dərman maddəsi ola bilər.
Əldə olunan mühüm nəticə araşdırma məqaləsi şəklində Web of Science bazasında indekslənən impakt faktoru 1.6 olan "Letters in Drug Design & Discovery" jurnalında çap olunub.
Məlumat üçün onu da qeyd edək ki, yeni inhibitorların sintezi Azərbaycan Elm Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53)) qalibi olan «Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metaloenzim inhibitorlarının yaradılması və in vitro və in vivo təcrübələrində onların effektivliyinin öyrənilməsi» layihəsi çərçivəsində yerinə yetirilib.



