Azərbaycanda iki yeni mikrogöbələk növü aşkar edilib

13 İyul, 2026 - 11:06
Azərbaycanda iki yeni mikrogöbələk növü aşkar edilib

AR ETN Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri professor Dilzarə Ağayeva, doktorant Xədicə Apbayeva, biologiya üzrə fəlsəfə doktoru Pərvin Ağayeva və Ukrayna Milli Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Tetiana Andrianovanın həmmüəllifliyi ilə “Cənubi Qafqazdan “Coleroa robertiani” və “Sporocadus rosigena” (Ascomycota) növlərinə dair ilk qeydlər” (First records of Coleroa robertiani and Sporocadus rosigena (Ascomycota) from the South Caucasus) adlı elmi məqalə "Scopus" bazasında indekslənən Q4 kvartilli “Czech Mycology” jurnalında dərc olunub.

Bu barədə "Azərbaycan müəllimi"nə Botanika İnstitutundan məlumat verilib.

Məqalədə qeyd edilir ki, bitkilərlə assosiasiyada olan "Coleroa" və "Sporocadus" cinslərinin nümayəndələri Azərbaycanda zəif öyrənilib və onlara əvvəllər aid edilmiş növlər hazırda fərqli cinslərə keçirilib. Yuxarıda qeyd edilən növlərə aid herbari nümunələri Daşkəsən rayonunun Əmirvar və Zivlən kəndlərindən toplanılıb. Çap işində bu nümunələrə əsasən ətraflı morfoloji təsvirlər, illüstrasiyalar təqdim edilir, dünyada yayılması və sahib bitkiləri göstərilir və oxşar növlərdən onları fərqləndirən xüsusiyyətləri təhlil və müzakirə edilir.

Bu tapıntılar Cənubi Qafqazın bütövlükdə biomüxtəlifliyin qaynar nöqtəsi kimi rolunu vurğulayır, habelə göbələk müxtəlifliyinin və ekologiyasının qlobal qiymətləndirilməsində əhəmiyyətini dəstəkləyir.

https://czechmycology.org/

DOI: https://doi.org/10.33585/cmy.78202

Azərbaycanda iki yeni mikrogöbələk növü aşkar edilib
Azərbaycanda iki yeni mikrogöbələk növü aşkar edilib