Azərbaycanlı gənc tədqiqatçının elmi işi beynəlxalq kitabda dərc olunub

10 İyul, 2026 - 13:02
Azərbaycanlı gənc tədqiqatçının elmi işi beynəlxalq kitabda dərc olunub

Azərbaycanlı gənc tədqiqatçının elektrokimya sahəsində araşdırması beynəlxalq kitabda işıq üzü görüb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH mərkəzinin akademik məsləhətçisi Əlmusa Atamaliyevin həmmüəllifi olduğu "Electrochemical Materials, Electric Vehicle Batteries: Advanced Chemistry–Industrial Transformation" adlı elmi bölmə "Contemporary Debates and Interdisciplinary Approaches in Natural Sciences and Mathematics" adlı beynəlxalq kitabda dərc olunub.

Kitab Türkiyənin "Duvar Yayınları" nəşriyyatında çap edilərək beynəlxalq elmi ictimaiyyətin istifadəsinə təqdim edilib. Nəşr hazırda dünyanın 500-dən çox elmi kitabxanasının elektron bazalarında yer alır və tədqiqatçılar, müəllimlər, eləcə də tələbələr üçün əlçatandır.

Elmi bölmədə elektrikli nəqliyyat vasitələrinin batareyalarında istifadə olunan müasir elektrokimyəvi materiallar, litium-ion batareyalarının iş prinsipləri, elektrod və elektrolit materiallarının kimyəvi xüsusiyyətləri, enerji sıxlığının artırılması istiqamətində aparılan elmi tədqiqatlar, təhlükəsizlik məsələləri, yeni nəsil batareya texnologiyaları və sənaye transformasiyası geniş elmi mənbələr əsasında sistemli şəkildə təhlil edilib.

Bölmədə həmçinin elektromobillərin inkişafında elektrokimyəvi materialların rolu, enerji saxlama sistemlərinin gələcək perspektivləri, dayanıqlı enerji texnologiyalarının inkişafı və yaşıl iqtisadiyyatın formalaşmasına töhfə verən innovativ yanaşmalar araşdırılıb. Təqdim olunan elmi nəticələr elektrokimya, materialşünaslıq, kimya mühəndisliyi, enerji texnologiyaları və elektromobil sənayesində çalışan alimlər, müəllimlər, doktorantlar, magistrantlar və tələbələr üçün mühüm elmi mənbə hesab olunur.

Qeyd edək ki, bu nəşr Əlmusa Atamaliyevin son bir il ərzində beynəlxalq akademik kitabda dərc olunan ikinci kitab bölməsidir. Bundan əvvəl müəllifin "Future Directions in Composite Materials and Their Integration with Green Technologies" adlı elmi bölməsi də "Duvar Yayınları" tərəfindən nəşr edilən "Innovative Composite Material Production, Rare Earth Element and Recycling of Industrial Waste" kitabında dərc olunub.

Həmin elmi işdə kompozit materialların inkişaf istiqamətləri, onların yaşıl texnologiyalarla inteqrasiyası, sənaye tullantılarının təkrar emalı və dayanıqlı istehsal texnologiyaları müasir elmi yanaşmalar əsasında təhlil edilib.

Müəllifin ardıcıl olaraq beynəlxalq elmi kitablarda yer alan bu iki bölməsi onun materialşünaslıq, elektrokimya, enerji texnologiyaları və dayanıqlı sənaye sahələrində apardığı tədqiqatların beynəlxalq elmi ictimaiyyət tərəfindən yayımlandığını göstərir. Bu uğurlar azərbaycanlı gənc tədqiqatçıların beynəlxalq akademik məkanda tanıdılmasına, ölkəmizin elmi potensialının təşviqinə və gənc tədqiqatçıların beynəlxalq nəşrlərdə fəallığının artırılmasına töhfə verir.

Azərbaycanlı gənc tədqiqatçının elmi işi beynəlxalq kitabda dərc olunub