Bir toxunuşla təcrübə: Elektron laboratoriyalar – təhlükəsiz öyrənmə, real nəticələr  

6 Avqust, 2026 - 11:40
Bir toxunuşla təcrübə: Elektron laboratoriyalar – təhlükəsiz öyrənmə, real nəticələr  

Bir sıra fənlərin öyrədilməsində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Lakin bir çox hallarda laboratoriya avadanlıqlarının məhdudluğu, təhlükəsizlik tələbləri və maddi-texniki imkanlar şagirdlərin bütün təcrübələri əyani şəkildə yerinə yetirməsinə mane olur. Rəqəmsal texnologiyaların inkişafı bu sahədə yeni imkanlar yaradaraq elektron kimya və fizika laboratoriyalarının tədris prosesinə inteqrasiyasını sürətləndirib. İnteraktiv mühitdə müxtəlif təcrübələri təhlükəsiz şəkildə icra etməyə imkan verən bu laboratoriyalar şagirdlərin mövzuları daha yaxşı mənimsəməsinə, elmi təfəkkürünün inkişafına və fənlərə marağının artmasına xidmət edir. Bəs elektron laboratoriyalar ənənəvi laboratoriyaları nə dərəcədə əvəz edə bilər? Onların təhsildə tətbiqi hansı üstünlükləri və çağırışları ortaya çıxarır?

Bir sıra fənlərin tədrisi zamanı virtual və elektron laboratoriyalardan istifadə məqsədəuyğundur 


Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Azərbaycan Dövlət İqtisad Universitetinin Laboratoriya işinin təşkili Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Ramil Sadıqov bildirib ki, kimya, fizika, ekologiya sahələri üzrə virtual və elektron laboratoriyalardan istifadə daha məqsədəuyğun hesab olunur:

“Orada reaktivlərin alınması, istifadə edilməsi və təhlükəsizlik daha çox qorunur. Təbii ki, real mühitdə də bu qorunur, çünki ilk dərslərdə tələbələrə laboratoriyada istifadə, davranış qaydaları öyrədilir, təhlil edilir. Bu təcrübə hər yerdə mövcuddur”.

R.Sadıqov qeyd edib ki, bəzi sahələrdə elektron yox, əyani laboratoriyalardan istifadə edilməsi daha məqsədəuyğun hesab olunur:

“Məsələn, qida texnologiyaları laboratoriyasında un məmulatlarının bişirilməsi, süd məmulatlarının analizləri və hansısa məhsulun əldə edilməsi baxımından əyani laboratoriyalardan istifadə daha məqsədəuyğundur”.

Elektron laboratoriyaların tətbiqi zamanı müəllimlərin hansı hazırlığa ehtiyacı var?

Direktorun sözərinə görə, müəllim virtual laboratoriyada iş zamanı təcrübə prosesini özü sona qədər aparmağı bacarmalıdır:“Orada reaktivin götürülməsi, analizin aparılması, nəticələrin təhlili və digər prosesləri müəllim təbii ki, bilməlidir. Onsuz da həmin prosesi müəllim əyani şəraitdə də izah edir. Sadəcə olaraq virtual laboratoriyada tələbənin özünün də fərdi olaraq işləməsi mümkündür. Məsələn, laboratoriyada bakteriyanın təhlilini götürək. Müəllim bir neçə tələbə ilə birlikdə təhlil aparır,mikrobioloji analizlər həyata keçirilir və nəticədə bakteriyalar öyrədilir. Burada müəllim və laborant əsas rol oynayır. Amma elektron laboratoriyada müəllim bir tapşırığı edir və bütün tələbələrə etməyi tapşırır. Bu zaman həmin tələbələr laboratoriya işini axıra qədər özü həyata keçirir. Bu həm tələbənin vizual yaddaşında oturur, eyni zamanda ona nəzəri biliklərini praktikada tətbiqini aşılayır”.

Müsahibimiz qeyd edib ki, elektron laboratoriyalar təhlükəsizlik baxımından daha üstündür: “Çünki elektron laboratoriyalarda kimyəvi, toksikoloji maddəyə toxunmadan, bütün proseslər elektron şəraitdə həyata keçirilir. Ona görə də bu laboratoriyalar daha təhlükəsizdir. Elektron laboratoriyalarda əldə edilən nəticələrlə əyani laboratiyalarda əlvə olunanlar eynilik təşkil edir. Çünki əvvəlcə analizlər aparılır, təhlil olunur, metodologiya əsasında qurulur və riyazi üsullarla təhlillər, nəticələr bir daha təsdiqlənmək üçün həyata keçirilir. Bu proses zatən riyazi prosesdir, nəticə orada 0.97, 0.98 əldə olunursa, deməli 98% düzgün nəticə əldə olunur”.

Elektron laboratoriyalardan elmdə necə istifadə edilir?

R.Sadıqov vurğulayıb ki, elektron laboratoriyalardan elmdə istifadə zamanı tədris və tədqiqat önəmlidir:“Tədris prosesi tələbələrin öyrədilməsi baxımından mütləqdir. Bu laboratoriyalardan hansısa avadanlıqlar olmasa belə istifadə edilir. Azərbaycan Dövlət İqtisad Universitetində labarator analizlər virtual şəkildə həyata keçirilir. Laboratoriyaların təkmilləşdirilməsi istiqamətində Hacettepe, Ege və digər universitetləri ilə əməkdaşlıqlar edilir. Həmçinin bu istiqamətdə Özbəkistanla da qarşılıqlı işlər görülüb. Bu sahədə qrant layihələrimizdə həmin laboratoriyalardan istifadə etmişik, qaliblərimiz də olub”.
Müsahibimiz onu da əlavə edir ki, nəticə etibarilə, elektron laboratoriyalar təhsil sistemində ənənəvi laboratoriyaların güclü tamamlayıcısı kimi çıxış edir. Onlar təhlükəsiz, əlçatan və interaktiv mühit yaratmaqla şagird və tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, təcrübələri dəfələrlə təkrarlamasına və elmi düşüncə tərzini inkişaf etdirməsinə şərait yaradır. Bununla yanaşı, qida texnologiyası, biologiya və digər sahələrdə real avadanlıq və materiallarla işləmə bacarığının formalaşdırılması üçün əyani laboratoriyalar öz əhəmiyyətini qoruyur".