Tələbə təcrübəsi: Hesabat, yoxsa real peşə hazırlığı?

11 Avqust, 2026 - 09:14
Tələbə təcrübəsi: Hesabat, yoxsa real peşə hazırlığı?

Universitetlərdə təcrübə proqramları tələbələrin auditoriyada əldə etdikləri nəzəri bilikləri real iş mühitində tətbiq etmələri, peşə bacarıqlarını inkişaf etdirmələri və əmək bazarına daha hazırlıqlı daxil olmaları baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bəzən bu proqramların keyfiyyəti, əhatə dairəsi yetərli, praktik nəticələri isə effektiv olmur. 

Bəzi ali təhsil müəssisələrində təcrübə proqramları tələbələrin peşəkar inkişafına ciddi töhfə versə də, digərlərində bu proses formal xarakter daşıyır və tələbə təcrübə müddətində real praktik bacarıqlar qazana bilmir. 

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, tələbələrlə iş, tədbirlərin təşkili və layihələrin idarə olunması üzrə mütəxəssis, təlimçi, AGMA İdarə Heyətinin üzvü, doktorant Turan Kərimli bildirib ki,ali təhsilin keyfiyyəti yalnız auditoriyada keçirilən dərslərin məzmunu ilə ölçülmür:

“Tələbənin öyrəndiyi nəzəri bilikləri real fəaliyyət şəraitində tətbiq edə bilməsi, peşə mühitini yaxından tanıması və məzun olmadan əvvəl müəyyən iş təcrübəsi qazanması da təhsilin əsas nəticələrindən biridir. Bu baxımdan Azərbaycan universitetlərində həyata keçirilən istehsalat, pedaqoji, elmi-tədqiqat və digər təcrübə proqramları təhsil ilə əmək bazarı arasında mühüm əlaqələndirici rol oynayır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalarda təcrübə ali və orta ixtisas təhsili proqramlarının ayrılmaz tərkib hissəsi hesab olunur. Burada təcrübə bazasının ixtisasa uyğun olması, peşəkar rəhbərlərin təyin edilməsi, tələbənin yaradıcılıq və tədqiqat fəaliyyətinə cəlb olunması və gələcək məşğulluq imkanlarının nəzərə alınması ayrıca tələb kimi əks olunur. Təcrübəyə yalnız tədris planının sonunda yerinə yetirilən formal öhdəlik kimi baxılmamalıdır. Təcrübə təhsilalanın peşəkar olmağa atdığı addımlar içərisində ən mühüm halqalardan biri, formalaşdığı, öz imkanlarını qiymətləndirdiyi və gələcək fəaliyyət istiqamətini müəyyənləşdirdiyi təlimin praktik mərhələsidir. Bəzən gənclər bu mərhələdə təhsil aldığı peşənin çətinliklərini də dərk etməyə başlayırlar.

Müxtəlif istiqamətləri əhatə edən təcrübə proqramları haqqında qaydalarda tədris, istehsalat, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri fərqləndirilir. Belə bölgü müxtəlif ixtisasların xüsusiyyətlərinin nəzərə alınmasına imkan verir. Məsələn, mühəndislik ixtisasında laboratoriya və istehsal prosesləri ön plana çıxırsa, pedaqoji ixtisaslarda dərsin planlaşdırılması, sinfin idarə edilməsi, şagirdlərin qiymətləndirilməsi və məktəb mühitinə uyğunlaşma əsas yer tutur. Təcrübə bazalarının maddi-texniki imkanları, peşəkar kadr potensialı və tələbəyə ayrılan vaxt eyni olmadığından proqramların keyfiyyətində müəyyən fərqlər yarana bilər. Bununla yanaşı, bir çox müəssisə və məktəblərdə tələbələrə real tapşırıqlar verilir, onların fəaliyyəti mentor və təcrübə rəhbərləri tərəfindən izlənilir, inkişafına müvafiq dəstək göstərilir.

Bəzi təcrübə bazalarında tələbələrin proseslərə fəal şəkildə qoşulması üçün imkanlar məhdud ola və onlar daha çox müşahidəçi mövqeyində qala bilərlər. Hesabat sənədlərinin hazırlanması təcrübənin zəruri hissəsidir, lakin proqramın məzmunu bununla məhdudlaşmamalıdır. Tələbəyə problem həll etmək, qərarvermə prosesini izləmək və imkan daxilində bu prosesə qoşulmaq, peşəkar ünsiyyət qurmaq, bilik və bacarıqlarını real şəraitdə sınamaq üçün şərait yaradılması daha məqsədəuyğundur. Bu məsələnin bir neçə tərəfi var. Universitetin təcrübə bazasına təsir imkanları bəzən məhdud olur, bəzi regionlarda isə uyğun müəssisələrin sayı az olduğundan seçim imkanları daralır. Eyni zamanda, tələbənin peşəyə marağı, məsuliyyətli münasibəti və təşəbbüskarlığı da təcrübədən əldə edilən nəticəyə təsir göstərir. Buna görə keyfiyyətin yüksəldilməsi yalnız bir tərəfin deyil, universitetin, təcrübə bazasının, təcrübə rəhbərlərinin və tələbənin qarşılıqlı əməkdaşlığını tələb edir”.

T.Kərimlinin sözlərinə görə, digər məsələ təcrübənin əsasən son kurslarda keçirilməsidir:

“Tələbə peşə mühiti ilə yalnız dördüncü kursda tanış olduqda onun öz çatışmazlıqlarını müəyyənləşdirməsi və aradan qaldırması üçün vaxt az qalır. Əlbəttə, bu yanaşma bütün ali təhsil müəssisələri üçün eyni deyil və son illərdə təcrübənin qiymətləndirilməsi istiqamətində müsbət addımlar atılır. Pedaqoji ixtisasların olduğu universitetlərdə təcrübənin qiymətləndirilməsi üçün ayrıca meyarların hazırlanması da müsbət haldır. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2025-ci ildə təsdiq edilmiş tələbələrin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında əsasnaməsində ixtisas bilikləri, peşə səriştələri, dərsin planlaşdırılması, tədris texnologiyalarından istifadə, diferensial yanaşma, şagirdlərlə ünsiyyət və təhlükəsiz öyrənmə mühitinin yaradılması kimi göstəricilər nəzərə alınır. Bundan başqa, tələbənin fəaliyyəti yalnız universitet müəllimi tərəfindən deyil, məktəbdəki təcrübə rəhbərinin iştirakı ilə də qiymətləndirilir. Bu model universitetlə məktəb arasında məsuliyyət bölgüsünü gücləndirir. Universitetdə ixtisaslar üzrə təcrübə bazalarının yaradılmasının nəzərdə tutulması da bu sahənin davamlı təkmilləşdirilməsinə xidmət edən mühüm istiqamətlərdən biridir. ABŞ, Sinqapur, Finlandiya kimi ölkələr bu tip modeldən istifadə edirlər. Onlar universitet və məktəb arasında uzunmüddətli əməkdaşlığı dəstəkləyir və gələcək inkişaf perspektivlərini birlikdə müəyyən edirlər. Baza məktəblərinin seçilməsində yalnız universitetə coğrafi yaxınlıq deyil, konkret fənnin tədris keyfiyyəti, müəllim heyətinin peşəkarlığı, laboratoriya imkanları, inklüziv mühit, layihə fəaliyyəti və mentorluq potensialı da nəzərə alınmalıdır. Kimya və biologiya müəllimliyi üzrə laboratoriyası, təhlükəsizlik infrastrukturu, məktəbdaxili tədqiqat layihələri və təbiəti müşahidə etmək imkanları olan məktəblər seçilə bilər. Riyaziyyat və informatika ixtisaslarında olimpiada hazırlığı, proqramlaşdırma, robototexnika və rəqəmsal tədris təcrübəsi olan məktəblərə üstünlük verilməsi məqsədəuyğundur. Tarix və coğrafiya ixtisasları üzrə isə yerli tarixi, coğrafi, iqtisadi və mədəni müəssisələrlə əməkdaşlıq edən məktəblər baza rolunu oynaya bilər. Xüsusi pedaqogika və psixoloji xidmət ixtisasları üzrə təcrübə daha fərqli yanaşma tələb edir. Tələbələrin yalnız bir neçə həftə ərzində təhsil müəssisəsinə (və ya xüsusi təhsil müəssisəsinə) göndərilməsi uşağın inkişafı və davranışı haqqında tam təsəvvür yaratmaya bilər. Bu səbəbdən təcrübənin tədris ilinin müxtəlif dövrlərini əhatə etməsi daha səmərəli nəticə verə bilər. Tələbə ilin əvvəlində uşağın yeni müəllimə, sinfə və gündəlik rejimə uyğunlaşmasını, sonrakı mərhələlərdə isə sosial münasibətlərini, tapşırıqlara reaksiyasını, ünsiyyət formasını və fərdi dəstəyə ehtiyacını müşahidə edə bilər. Belə davamlı müşahidə davranışın təsadüfi təzahürləri ilə daha sabit xüsusiyyətlərini fərqləndirməyə, tələbənin peşəkar müşahidə və təhlil bacarıqlarını inkişaf etdirməyə imkan yaradar.

Təcrübənin təhsilalanın təhsil aldığı müddət ərzində davamlı şəkildə keçirilməsi tələbələr, dövlət qurumları və özəl sektor üçün də sərfəli olacaq. Əvvəlki illərlə müqayisədə artıq peşənin sirlərinə təhsil aldığı müddət ərzində əyanı halda, sahədə yiyələnmiş kadrlar mövcud olacaq. Belə ki, birinci kursda tələbələr peşə fəaliyyəti ilə tanış olmalı, müvafiq məktəb, müəssisə, təşkilat və ya laboratoriyalarda müşahidə xarakterli təcrübə keçməlidirlər. Bu mərhələdə onların gələcək peşə mühiti, təşkilati struktur, iş prosesi və peşə etikası haqqında ilkin təsəvvürləri formalaşdırılır. İkinci kursda tələbələr artıq müşahidəçi mövqeyindən çıxaraq sadə peşə tapşırıqlarının yerinə yetirilməsinə, kiçik layihələrdə iştirak etməyə və mentor nəzarəti altında praktik fəaliyyət göstərməyə cəlb olunmalıdırlar. Üçüncü kursda tələbələrin məsuliyyət dairəsi genişləndirilməli, onlar pedaqoji ixtisaslarda müəllim köməkçisi, digər ixtisaslarda isə mütəxəssis köməkçisi kimi fəaliyyət göstərməli, real iş prosesinə və komanda fəaliyyətinə aktiv şəkildə qoşulmalıdırlar. Dördüncü kursda isə uzunmüddətli və müstəqil peşə təcrübəsi təşkil edilməli, tələbəyə əldə etdiyi bilik və bacarıqları real iş şəraitində tətbiq etmək, peşə səriştələrini nümayiş etdirmək və əmək bazarına hazırlığını tamamlamaq imkanı yaradılmalıdır. Bu modelin başqa bir üstünlüyü də ondan ibarətdir ki, tələbə müxtəlif yaş qruplarını və fərqli məktəb mühitlərini müşahidə edir. Dörd il ərzində yalnız bir məktəbdə deyil, şəhər, kənd, lisey, ümumtəhsil və inklüziv məktəb kimi müxtəlif təcrübə bazalarında fəaliyyət göstərmək gələcək müəllimin peşə hazırlığını xeyli gücləndirər. Təklif edilən yanaşma ABŞ və Kanadada tətbiq olunan "Early Field Experience" (erkən sahə təcrübəsi) və "Clinical Practice" (klinik peşə təcrübəsi), Finlandiya və Böyük Britaniyada istifadə edilən "School-Based Teacher Education" (məktəb əsaslı müəllim hazırlığı), eləcə də Avstraliya, Kanada və Avropa ölkələrində geniş yayılmış "Work-Integrated Learning" (iş mühiti ilə inteqrasiya olunmuş təhsil) yanaşmalarının prinsipləri ilə səsləşir”.

Müsahibimiz qeyd edib ki, universitetlərdə karyera mərkəzlərinin fəaliyyətinin genişlənməsi də təcrübə proqramlarının keyfiyyətinə müsbət təsir göstərir:

“ADA Universitetində karyera məsləhətçiliyi, mentorluq, müsahibəyə hazırlıq, işəgötürənlərlə görüşlər və tələbələrin uyğun təcrübə imkanlarına yönləndirilməsi sistemli xidmət kimi təqdim olunur. Qarabağ Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Mühəndislik Universitetinin, Xəzər Universitetinin və s.-nin Karyera mərkəzləri isə dövlət və özəl sektorla əməkdaşlıq, təcrübə və təqaüd proqramlarının təşkili, biznes inkubasiya və startap ekosisteminin inkişafını fəaliyyət istiqamətləri sırasına daxil edir. ADPU və digər universitetlərin tələbələrinin cəlb olunduğu, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramı kimi təşəbbüslər göstərir ki, tələbə təcrübəsi artıq yalnız ixtisas təcrübəsi ilə məhdudlaşmır. Karyera planlaşdırılması, fərdi mentorluq, real iş tapşırıqları, müsahibə bacarıqları və müxtəlif dövlət qurumlarında fəaliyyət təcrübəsi bu proqramların məzmununa daxil edilir. 

Peşə hazırlığının daha bir istiqaməti tələbələrin elmi-tədqiqat layihələrinə cəlb olunmasıdır. Onlar müəllimlərin rəhbərliyi ilə məlumat toplaya, müsahibələr apara, laboratoriya və sahə tədqiqatlarında iştirak edə bilərlər. Bu təcrübə tədqiqat aparmaq bacarıqlarını inkişaf etdirməklə yanaşı, xüsusilə magistraturaya və elmi fəaliyyətə maraq göstərən tələbələrin gələcək akademik istiqamətlərini daha dəqiq şəkildə müəyyənləşdirməsinə kömək edir.

İcma əsaslı layihələr və könüllülük fəaliyyətləri də geniş imkanlar yaradır. Tələbələr kitabxanalar, məktəblər, sosial xidmət müəssisələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək maarifləndirmə, sosial dəstək və təhsil layihələrində iştirak edə bilərlər. Belə fəaliyyətlərin universitet tərəfindən institusional şəkildə tanınması, tələbələrin sosial məsuliyyətini, liderlik bacarıqlarını və icmaya töhfəsini əks etdirən meyarlar əsasında qiymətləndirilməsi onların motivasiyasını daha da artıra bilər. Bu prosesdə təhsil müəssisəsinin yerləşdiyi ərazi, yerli tərəfdaşların imkanları və ictimai mühit də nəzərə alınmalıdır. Tələbələrin inkişafı universitetlərin, dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının və tələbələrin özlərinin birgə səyi ilə daha dayanıqlı nəticə verə bilər. Bu səbəbdən təhsil müəssisələri strateji inkişaf planlarını hazırlayarkən tədris və sosial fəaliyyət istiqamətlərini vahid inkişaf konsepsiyası çərçivəsində əlaqələndirməlidirlər. Tələbənin peşəkar hazırlığı yalnız auditoriya dərsləri və ixtisas təcrübəsi ilə məhdudlaşmamalı, onun liderlik, təşəbbüskarlıq, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirən sosial layihələrlə tamamlanmalıdır. Təhsil müəssisələrində tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin, eləcə də aidiyyəti struktur bölmələrin koordinasiyalı fəaliyyəti təcrübə proqramları ilə tələbə təşəbbüsləri arasında daha möhkəm əlaqə yarada bilər. Ölkəmizdə təşkil olunan liderlik məktəbləri, festivallar, intellektual və idman yarışları, könüllülük proqramları və müxtəlif sosial layihələr tələbələrin şəxsi və peşəkar inkişafına əhəmiyyətli töhfə verir. Bu fəaliyyətlər gənclərin bacarıqlarını kəşf etməsinə, maraq dairəsini müəyyənləşdirməsinə və real təşkilati təcrübə qazanmasına şərait yaradır. Tədbirlərin hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edən tələbələr isə həm öz təcrübələrini zənginləşdirir, həm də sonrakı tələbə nəsilləri üçün müsbət nümunəyə çevrilirlər.

Azərbaycan universitetlərində tələbə təcrübələrinin inkişafı üçün müsbət zəmin mövcuddur və ali təhsil müəssisələri bu imkanlardan getdikcə daha geniş istifadə edirlər. Universitetlərin məktəblər, dövlət qurumları və özəl sektorla əməkdaşlığı genişlənir, karyera və təcrübə proqramlarına ayrılan diqqət artır. Əvvəlki illərlə müqayisədə müşahidə olunan irəliləyiş bu sahədə görülən işlərin nəticəsini göstərir. Qarşıdakı əsas vəzifə isə əldə olunan müsbət təcrübənin sistemləşdirilməsi və imkan daxilində bütün tələbələr üçün əlçatan, ixtisasa uyğun və keyfiyyətli təcrübə mühitinin daha da inkişaf etdirilməsidir. Çünki hər bir tələbənin potensialının düzgün istiqamətləndirilməsi həm onun şəxsi inkişafına, həm də cəmiyyətin peşəkar insan resurslarının güclənməsinə xidmət edir. Təcrübə proqramı tələbənin peşə ilə ilk real görüşüdür. Bu görüş nə qədər erkən, sistemli və məqsədyönlü təşkil olunarsa, məzunların əmək bazarına və peşə fəaliyyətinə hazırlığı da bir o qədər yüksək olar”.