Universitetlərdə elm: Yeni bilik yaradan mühit necə formalaşır?
Universitetlər yalnız biliklərin ötürüldüyü məkan deyil, həm də yeni ideyaların yarandığı, elmi yeniliklərin formalaşdığı əsas mərkəzlər hesab olunur. Məhz buna görə də ali təhsil müəssisələrində elmi-tədqiqat fəaliyyətinin inkişafı ölkənin elmi potensialının və innovasiya mühitinin güclənməsində mühüm rol oynayır. Lakin son illər tələbələrin elmi araşdırmalara marağının hansı səviyyədə olması, onları elmi fəaliyyətə həvəsləndirən və ya əksinə, bu sahədən uzaqlaşdıran amillər tez-tez müzakirə olunur.
Bəs universitetlərdə elmi- tədqiqatlara maraq kifayət qədərdirmi? Gənclərin elmə marağını artırmaq və onları araşdırma fəaliyyətinə cəlb etmək üçün hansı mexanizmlərin tətbiqinə ehtiyac var?
Universitetlər elmi inkişafın əsas mərkəzidir
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan tədqiqatçı Murad Əliyev bildirib ki, dünya təcrübəsi güclü universitet sistemlərinə malik ölkələrdə elmi- tədqiqat universitet fəaliyyətinin mərkəzi elementlərindən biri hesab olunduğunu göstərir:
“Bu universitetlər yalnız mövcud biliklərin ötürüldüyü təhsil müəssisələri deyil, həm də yeni ideyaların, nəzəri yanaşmaların və praktiki həllərin formalaşdığı elmi mühitlərdir. ABŞ, Çin, Cənubi Koreya, Sinqapur və Avropanın aparıcı universitetlərində tədqiqat fəaliyyəti ayrı-ayrı alimlərin şəxsi təşəbbüsü ilə məhdudlaşmır; universitetlər bu prosesi tədqiqat qrupları, elmi layihələr və beynəlxalq əməkdaşlıq mexanizmləri vasitəsilə sistemli şəkildə inkişaf etdirirlər. Buna görə də həmin ölkələrdə universitetlərdə tədqiqata marağın yüksək olması yalnız fərdi motivasiya ilə deyil, tədqiqatçıların inkişaf edə bildiyi akademik mühit, elmi əməkdaşlıq imkanları və uzunmüddətli tədqiqat strategiyaları ilə əlaqəlidir.
Qlobal ali təhsil məkanına nəzər yetirərkən, görmək olar ki, müxtəlif ölkələrdə universitetlərdə elmi- tədqiqatların inkişafı yalnız ayrılan maliyyə vəsaitlərinin həcmi ilə izah edilə bilməz. Əsas fərq ölkələrin tədqiqat üçün yaratdığı sistemdə, yəni maliyyə imkanlarını insan kapitalı, akademik əməkdaşlıq və bilik istehsalı prosesləri ilə necə əlaqələndirməsindədir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (World Intellectual Property Organization - WIPO) 2025-ci il Qlobal İnnovasiya İndeksinə (Global Innovation Index - GII) əsasən, innovasiya baxımından lider ölkələr yalnız yüksək tədqiqat və inkişaf göstəricilərinə malik deyil, eyni zamanda tədqiqat nəticələrini yeni texnologiyalara, sənaye həllərinə və sosial innovasiyalara çevirə bilən mexanizmlər formalaşdırıblar. Hesabatda İsveçrə, İsveç, ABŞ, Cənubi Koreya və Sinqapur ən yüksək nəticə göstərən ölkələr sırasında yer alır, Çin isə ilk dəfə olaraq ilk onluğa daxil olur. Bu nəticələr göstərir ki, müasir elmi rəqabətdə əsas üstünlük yalnız daha çox resursa sahib olmaq deyil, həmin resursları bilik və innovasiya yaradan sistemə çevirmək qabiliyyətidir.
Amerika Birləşmiş Ştatları (ABŞ) nümunəsi bu baxımdan xüsusilə əhəmiyyətlidir. ABŞ-nin elmi üstünlüyünü yalnız yüksək tədqiqat büdcələri ilə izah etmək kifayət deyil. Ölkənin əsas üstünlüyü universitetlər, sənaye və dövlət arasında formalaşmış qarşılıqlı əlaqə modelidir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (World Intellectual Property Organization - WIPO) 2025-ci il hesabatında ABŞ-ın güclü mövqeyinin əsas səbəbləri arasında yüksək səviyyəli universitetlər, korporativ tədqiqat fəaliyyəti, startaplar və universitet-sənaye əməkdaşlığı qeyd olunur. Bu modeldən çıxan əsas nəticə ondan ibarətdir ki, universitet tədqiqatının dəyəri yalnız akademik nəşrlərlə ölçülmür; əsas məsələ yaradılan biliklərin yeni texnologiyalara, iqtisadi inkişaf və cəmiyyət üçün faydalı həllərə çevrilməsidir”.
Onun sözlərinə görə, Cənubi Koreya təcrübəsi isə göstərir ki, tədqiqat sisteminin güclənməsi uzunmüddətli və məqsədyönlü strategiya tələb edir:“Ölkənin yüksək innovasiya göstəricilərinin arxasında yalnız böyük tədqiqat və inkişaf investisiyaları deyil, həm də universitetlər, dövlət və sənaye arasında qurulan sıx əlaqələr dayanır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 2025-ci il məlumatlarına əsasən, Cənubi Koreya insan kapitalı və tədqiqat göstəricilərində dünyanın aparıcı ölkələrindən biridir və xüsusilə biznes sektorunda həyata keçirilən tədqiqat və inkişaf fəaliyyətində yüksək nəticələr göstərir. Bu təcrübə göstərir ki, universitetlərdə aparılan tədqiqatların real təsir yaratması üçün akademik fəaliyyət iqtisadi və sosial ehtiyaclarla əlaqələndirilməlidir. Başqa sözlə, güclü tədqiqat sistemi yalnız bilik istehsal etmir, həmin biliyin istifadəsi üçün də mexanizmlər yaradır.
Sinqapur nümunəsi isə elmi inkişafda insan kapitalının və beynəlxalq əlaqələrin rolunu göstərir. Ölkə böyük ərazi və resurs üstünlüklərinə malik olmasa da, qlobal səviyyəli universitetlər, beynəlxalq tədqiqat əməkdaşlıqları və yüksəkixtisaslı kadrların cəlb edilməsi vasitəsilə güclü innovasiya sistemi formalaşdırıb. Buradan çıxan əsas dərs ondan ibarətdir ki, universitetlərin elmi potensialı yalnız daxili imkanlarla məhdudlaşmamalıdır. Müasir elmdə beynəlxalq əməkdaşlıq, bilik mübadiləsi və müxtəlif ölkələrdən olan tədqiqatçıların bir araya gəlməsi elmi inkişafın əsas hərəkətverici qüvvələrindən biridir.
Çin təcrübəsi isə elmi tədqiqatların sistemli şəkildə inkişaf etdirilməsi baxımından xüsusi maraq doğurur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) məlumatlarına əsasən, Çində tədqiqat və inkişaf xərclərinin artım tempi son illərdə digər böyük tədqiqat sistemlərini geridə qoyub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı qeyd edir ki, 2023-cü ildə Çində tədqiqat və inkişaf xərcləri 8,7 faiz artıb; bu göstərici ABŞ-də 1,7 faiz, Avropa İttifaqında isə 1,6 faiz təşkil edib. Eyni zamanda, Çin və ABŞ qlobal tədqiqat və inkişaf fəaliyyətində ən böyük iki sistem kimi fərqlənir və Çin öz tədqiqat potensialını sürətlə genişləndirir. Lakin Çinin uğurunu yalnız maliyyə artımı ilə izah etmək düzgün olmazdı. Əsas məsələ həmin maliyyənin universitetlər, tədqiqat mərkəzləri və elmi qruplar vasitəsilə davamlı bilik istehsalına çevrilməsidir”.
M.Əliyevin fikrincə, bu ölkələrin təcrübəsindən çıxan ən vacib nəticə ondan ibarətdir ki, universitetlərdə elmi tədqiqatlara marağı artırmaq üçün əsas diqqət yalnız maliyyə imkanlarının genişləndirilməsinə yönəldilməməlidir:“Əsas məsələ tədqiqat aparmaq üçün şərait yaratmaqla yanaşı, həmin şəraitdən yüksək səviyyədə istifadə edə biləcək tədqiqatçıların yetişdirilməsidir. Mən bunu hazırda Çində çalışdığım tədqiqat mərkəzində də müşahidə edirəm. Burada tədqiqat prosesi yalnız fərdi məqalə hazırlamaq kimi deyil, davamlı müzakirə, qarşılıqlı tənqid və kollektiv öyrənmə prosesi kimi təşkil olunur. Bu yanaşma göstərir ki, güclü tədqiqat sistemi maliyyə imkanları ilə deyil, həmin imkanları elmi dəyərə çevirən akademik mədəniyyətlə tamamlanır.
Azərbaycanda elmi- tədqiqatlar üçün yeni imkanlar yaradılıb
Sevindirici haldır ki, Azərbaycanda da universitetlərdə elmi- tədqiqatların inkişafı istiqamətində son illərdə bir sıra müsbət dəyişikliklər baş verib. Dövlət səviyyəsində elmi fəaliyyətin dəstəklənməsi, tədqiqat layihələrinin maliyyələşdirilməsi, gənc alimlərin inkişafı və universitetlərin beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Azərbaycan Elm Fondunun qrant proqramları vasitəsilə elmi layihələrə maliyyə dəstəyi göstərilir, tədqiqatçıların və elmi kollektivlərin fəaliyyətini təşviq edən mexanizmlər yaradılır.
Eyni zamanda, Azərbaycan alimlərinin beynəlxalq akademik mühitə çıxış imkanlarının artırılması istiqamətində də mühüm təşəbbüslər həyata keçirilir. Məsələn, Elm və Təhsil Nazirliyi ilə Böyük Britaniyanın aparıcı akademik nəşriyyatlarından biri olan “Cambridge University Press” arasında imzalanmış razılaşma Azərbaycan tədqiqatçıları üçün beynəlxalq nəşr imkanlarını genişləndirir. Razılaşmaya əsasən, ölkədə fəaliyyət göstərən müəlliflər qarşıdakı üç il ərzində “Cambridge University Press” tərəfindən nəşr olunan 422 yüksək impakt -faktorlu jurnalda məqalələrini əlavə nəşr haqqı ödəmədən və say məhdudiyyəti olmadan dərc edə bilərlər. Bu cür təşəbbüslər tədqiqatçıların beynəlxalq elmi dövriyyəyə qoşulması üçün mövcud maliyyə maneələrini azaltmaqla yanaşı, Azərbaycan elminin qlobal akademik sistemə inteqrasiyasını da gücləndirir. Bununla yanaşı, gənc tədqiqatçılar üçün elmi proqramlar, konfranslar, beynəlxalq əməkdaşlıq imkanları və akademik platformalar genişlənir. Buna görə də, Azərbaycanda elmi tədqiqatların inkişafı üçün müəyyən maliyyə, institusional və beynəlxalq imkanların formalaşdığını qeyd etmək mümkündür”.
Əsas məsələ tədqiqat mədəniyyətinin formalaşdırılmasıdır
Müsahibimiz bütün bu müsbət addımlara baxmayaraq, düşünür ki, əsas məsələ artıq yalnız maliyyə və ya resurs çatışmazlığı ilə izah edilə bilməz:“Əgər tədqiqatçılar üçün beynəlxalq jurnallara çıxış, nəşr imkanları, qrant dəstəyi və müxtəlif akademik platformalar yaradılırsa, növbəti əsas sual bu imkanlardan necə daha yüksək keyfiyyətli elmi nəticələr əldə etmək üçün istifadə etməkdir. Xüsusilə, onu qeyd edim ki, əsas məsələ universitetlərdə tədqiqat mədəniyyətinin və elmi düşüncə tərzinin formalaşdırılmasıdır. Çünki keyfiyyətli tədqiqat yalnız məqalə yazmaq və ya müəyyən indeksli jurnalda nəşr olunmaqdan ibarət deyil. Əsl elmi fəaliyyət ilk növbədə aktual və əsaslandırılmış tədqiqat problemi müəyyənləşdirmək, həmin problemin mövcud ədəbiyyatda yerini anlamaq, nəzəri çərçivə formalaşdırmaq, uyğun metodoloji yanaşma seçmək və əldə olunan nəticələri elmi müzakirəyə töhfə verəcək şəkildə təqdim etmək bacarığı tələb edir. Başqa sözlə, əsas məsələ tədqiqat üçün imkanların yaradılması ilə yanaşı, həmin imkanları effektiv şəkildə istifadə edə biləcək tədqiqatçıların hazırlanmasıdır.
Mən bunu hazırda Çində çalışdığım tədqiqat mərkəzində daha yaxından müşahidə edirəm. Burada tədqiqat fəaliyyəti fərdi şəkildə məqalə hazırlamaq prosesi kimi deyil, davamlı əməkdaşlıq və akademik müzakirə əsasında inkişaf edən kollektiv fəaliyyət kimi təşkil olunur. Tədqiqat qruplarında müntəzəm görüşlər keçirilir, yeni ideyalar təqdim olunur, aparılan araşdırmalar müzakirə edilir və tədqiqatçılar öz işlərinə həmkarlarının baxışlarını daxil etmək imkanı əldə edirlər. Mənim üçün ən diqqətçəkən məqam odur ki, müzakirələr yalnız nəticələr üzərində deyil, tədqiqatın bütün mərhələlərində aparılır: problemin aktuallığı, mövcud ədəbiyyatda boşluğun müəyyənləşdirilməsi, nəzəri əsaslandırma, metodoloji seçimlər və nəticələrin interpretasiyası birlikdə təhlil olunur. Hər hansı bir tədqiqat ideyası təqdim edilərkən əsas diqqət yalnız mövzunun maraqlı olub-olmamasına deyil, həmin problemin elmi əhəmiyyətinə, mövcud araşdırmalara hansı töhfəni verəcəyinə və seçilən metodun bu suala cavab vermək üçün nə dərəcədə uyğun olduğuna yönəldilir. Bu yanaşma tədqiqatçını sadəcə məqalə hazırlayan şəxs kimi deyil, elmi problemi dərindən analiz edən, arqument quran və yeni bilik yaratmağa çalışan araşdırmaçı kimi formalaşdırır.
Tələbələr elmi fəaliyyətə daha erkən cəlb olunmalıdır
Mən düşünürəm ki, universitetlərdə elmi -tədqiqata marağı artırmaq üçün əsas addımlardan biri tələbələri və gənc müəllimləri tədqiqat prosesinə daha erkən mərhələdə cəlb etməkdir. Çox vaxt tədqiqat fəaliyyəti yalnız magistratura və ya doktorantura səviyyəsində başlayan bir proses kimi qəbul edilir. Halbuki elmi düşüncə və araşdırma bacarıqları daha erkən mərhələdə inkişaf etdirilməlidir. Bunun üçün tələbələr yalnız tədqiqat metodlarını öyrənməməli, eyni zamanda real problemlər üzərində işləməli, elmi məqalələri tənqidi şəkildə təhlil etməli, kiçik tədqiqat layihələrində iştirak etməli və əldə etdikləri nəticələri təqdim etmək imkanı qazanmalıdırlar. Çünki tədqiqata maraq yalnız nəzəri biliklərin ötürülməsi ilə formalaşmır; insan elmi prosesin iştirakçısına çevrildikdə, öz sualının araşdırıldığını və nəticəsinin müəyyən elmi dəyər yaratdığını gördükdə bu sahəyə daha çox motivasiya göstərir. Buna görə də universitetlərdə tədqiqat yalnız müəllim və ya doktorantların fəaliyyəti kimi deyil, bütün akademik icmanın bir hissəsi kimi qəbul edilməlidir”.
Elmi əməkdaşlıq keyfiyyətli tədqiqatın əsas şərtidir
Tədqiqatçı sonda qeyd edib ki, digər mühüm məsələ universitetlərdə davamlı elmi əməkdaşlıq mühitinin yaradılmasıdır:
“Mən düşünürəm ki, yüksək səviyyəli tədqiqat yalnız fərdi bacarıq və şəxsi səylə yaranmır; tədqiqatçının fəaliyyət göstərdiyi akademik mühit onun inkişafına birbaşa təsir edir. Güclü elmi mühit tədqiqatçıya öz ideyasına fərqli perspektivlərdən baxmaq, zəif tərəfləri müəyyənləşdirmək və arqumentlərini daha əsaslı qurmaq imkanı verir. Buna görə də universitetlərdə tədqiqat qruplarının, elmi seminarların və mentorluq mexanizmlərinin inkişaf etdirilməsi vacibdir. Çində çalışdığım tədqiqat mərkəzində müşahidə etdiyim əsas xüsusiyyətlərdən biri də budur ki, tədqiqatçı daim elmi icmanın daxilində fəaliyyət göstərir. Onun işi müzakirə olunur, suallar verilir və alternativ yanaşmalar təklif edilir. Bu proses yalnız konkret araşdırmanın keyfiyyətini artırmır, həm də tədqiqatçıların uzunmüddətli elmi inkişafına töhfə verir. Buna görə də universitetlərin məqsədi yalnız fərdi şəkildə çalışan tədqiqatçıların sayını artırmaq deyil, birgə öyrənən, fikir mübadiləsi aparan və yeni bilik yaradan akademik icmalar formalaşdırmaq olmalıdır.
Nəticə olaraq, mən hesab edirəm ki, universitetlərdə elmi- tədqiqatlara marağın artırılması üçün əsas diqqət yalnız yeni imkanların yaradılmasına deyil, həmin imkanlardan yüksək səviyyədə istifadə edə biləcək tədqiqatçıların yetişdirilməsinə yönəldilməlidir. Azərbaycanda son illərdə beynəlxalq nəşr imkanları, maliyyə dəstəyi və akademik əməkdaşlıq baxımından mühüm addımlar atılır. Növbəti əsas mərhələ isə bu imkanları davamlı və keyfiyyətli elmi nəticələrə çevirməkdir. Bunun üçün universitetlərdə tədqiqat düşüncəsini inkişaf etdirən, elmi əməkdaşlığı təşviq edən və yeni bilik yaratma prosesini akademik mədəniyyətin əsas hissəsinə çevirən mühit formalaşdırılmalıdır. Çünki universitetin əsas missiyası yalnız mövcud bilikləri ötürmək deyil, həm də yeni bilik yaratmaq və cəmiyyətin qarşısında duran problemlərə elmi əsaslı həllər təqdim etməkdir”.




