Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 İyul, 2025 - 10:51
Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür
Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

“Bu il yazı işlərinin yoxlanılmasına Laçından, Füzulidən qoşulan markerlərimiz də var”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında danışarkən deyib.

O bildirib ki, yeni qiymətləndirmə mexanizmi sayəsində imtahan və yazı tapşırıqlarının yoxlanılması prosesi şəffaf və obyektiv şəkildə həyata keçirilir: “Yeni sistemə əsasən, hər bir tapşırıq iki fərqli marker tərəfindən qiymətləndirilir. Əgər hər iki markerin verdiyi qiymət üst-üstə düşərsə, həmin nəticə yekun qiymət kimi qəbul olunur. Əgər qiymətlər fərqli olarsa, sistem bu işi üçüncü markerə yönləndirir və üç markerin qərarı əsasında yekun qiymət müəyyən edilir”.

A.Qasımovun sözlərinə görə, prosesin ən mühüm tərəfi ondadır ki, qiymətləndirməni aparan hər bir marker “təkmilləşdirilmiş meyarlar” əsasında təlim keçməli və “kalibrləmə mərhələsini” uğurla tamamlamalıdır. Bu isə qiymətləndirmədə insan amilindən qaynaqlanan səhvlərin minimuma endirilməsini təmin edir.

O əlavə olaraq qeyd edib ki, ümumilikdə 7 milyona yaxın açıq tipli test tapşırıqlarının qiymətləndirilməsi həyata keçirilib.