Aynur Sofiyeva: Uşaqlara zorakılıqla bağlı hüquqi baza təkmilləşdirilir
Uşaqlara qarşı zorakılıqla bağlı hüquqi bazanın təkmilləşdirilməsi üçün sənədlər hazırlanır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda deyib.
A.Sofiyeva Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsaslanaraq bildirib ki, dünyada uşaqların və yetkinlik yaşına çatmayanların 20%-i bullinqə məruz qalır və ya onun iştirakçısı olur:
"UNICEF-in məlumatına görə, hər dörd məktəblidən biri zorakılığa və ya təzyiqə məruz qalır".
O vurğulayıb ki, dövlət qurumları və təşkilatlar bu problemin qarşısının alınması və uşaqların müdafiəsi istiqamətində daha fəal işləməlidir:
"Dövlət Komitəsi hüquqi bazanın təkmilləşdirilməsi üçün sənədlər hazırlayır. Artıq bəzi layihələr hazırlanaraq qüvvəyə minib, digərləri üzərində iş aparılır".


