Azərbaycan dili "ChatGPT"də ən sürətli böyüyən dillərdəndir – "OpenAI" rəsmisi
Süni intellekt sahəsində dünyanın aparıcı şirkətlərindən olan "OpenAI" şirkətinin maliyyə direktoru Sarah Friar bildirib ki, "ChatGPT" platformasında ən sürətlə böyüyən dillər arasında Azərbaycan dili də yer alır.
"Azərbaycan müəllimi"nin məlumatına görə, Sarah Friar bu barədə "All-In Podcast" proqramında çıxışı zamanı danışıb.
O qeyd edib ki, şirkətin iqtisadi araşdırmalar komandası tərəfindən aparılan təhlillər "ChatGPT" istifadəsində ən sürətli artımın müşahidə olunduğu dillərin Azərbaycan və qazax dilləri olduğunu göstərib.
"OpenAI" rəsmisinin sözlərinə görə, istifadəçi artımının ən yüksək olduğu region Afrika qitəsidir. Bununla yanaşı, dil baxımından ən diqqətçəkən inkişaf Azərbaycan və qazax dillərində qeydə alınıb. O bildirib ki, bu tendensiya süni intellekt texnologiyalarının müxtəlif ölkələrdə və yerli dillərdə istifadəsinin sürətlə genişləndiyini nümayiş etdirir.


